Paşinyanın qərarından sonra "Lars" yolu erməni yük maşınları üçün açılacaq  - Politoloq

Ermənistanın baş naziri Rusiyaya getməyə məcbur oldu

  Ermənistanın Baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib. Kreml rəsmisi məsələ ilə bağlı İrəvandan müsbət siqnallar aldığını bildirib: “Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. O, bunun üçün dekabrın sonunda Sankt-Peterburqa gedəcək”. Qeyd edək ki, Uşakov bir qədər əvvəl Paşinyanın sözügedən görüşlərdə iştirakının müəmmalı olduğunu demişdi. 


Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, məsələni aydınlaşdırmaq üçün bəzi məqamlara diqqət yetirmək lazımdır. Analitik hesab edir ki, Ermənistan baş naziri məcburi şəkildə Sank-Peterburqa getməyə razılıq verib: 

"İndiki vəziyyətdə nə dəyişdi ki, Nikol Paşinyan Rusiyada keçirilən tədbirlərə qatılmağa razılıq verdi? Uşakov əvvəlcə elan etdi ki, İrəvandan tədbirdə iştirakla bağlı müsbət siqnallar alırlar. Bu da təsadüfi deyil. Artıq bir neçə gündür ki, Gürcüstandan Rusiyaya gedən "Lars" yolu Ermənistanın bütün ticarət yük maşınları üçün bağlanıb. Düzdür, bunu müəyyən bəhanələrlə, konkret kənd təsərrüfatı məhsullarının yoxlanışı ilə əsaslandırdılar. Ancaq bu, siyasi təzyiq mexanizmi olaraq hər zaman gündəmdə olub. Nikol Paşinyanın da bu tədbirdə iştirakı bir məcburiyyətdən doğan durumdur. Çünki N.Paşinyan anlayır ki, indiki vəziyyətdə nə qədər Rusiyanın orbitindən uzaqlaşmağa çalışsa da, bütün sahələr üzrə Ermənistanın təhlükəsizliyini təmin etmək mümkün olmayıb. Ticari-iqtisadi, hərbi, enerji və s. məsələlərin kompleks şəkildə həlli üçün ciddi təminatlar, eyni zamanda bu məsələlərin sistemli olaraq Ermənistanda fəaliyyətini təmin etmək lazımdır. Hələlik bu məsələlər Qərblə sövdələşmədə yalnız vəd olaraq mövcuddur. Məhz bu səbəbdən Ermənistan Rusiyanın orbitində olan qurumlardan çıxması ilə bağlı rəsmi müraciətlər etmir. Çünki bu, tələskən atılmış bir addım olardı və İrəvan üçün ciddi problemlər yaradardı". 
N.Miri diqqətə çatdırıb ki, Ermənistanın ticarəti, Rusiyadan gələn pul köçürmələrinin 30 faizi MDB ökələri ilə əməkdaşlığın payına düşür: "Ermənistan Rusiyaya qarşı sanksiyaların pozulmasında müəyyən rol oynayır və buna görə də ciddi maliyyə vəsaitləri qazanır. Kreml Paşinyan hökumətinə qısamüddətli embarqo tətbiq etdiyinə görə erməni baş nazir Sank-Peterburqa getməyə razılıq verib. "Lars" yolu bir neçə gün bağlanan kimi Ermənistanın daxilində etirazlar baş qaldırdı və İrəvan hökuməti problemi həll edə bilmədi. Ancaq Paşinyanın qərarından sonra "Lars" yolu erməni yük maşınları üçün açılacaq".