Çünki daxildə siyasi intriqalar qızışır, ordu ilə siyasi hakimiyyət arasında fikir ayrılıqları dərinləşir
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də ABŞ-yə səfər edəcək. Bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ştatlar lideri Co Bayden həmkarını Ağ Evdə qəbul edəcək. Qeyd edək ki, Zelenski hazırda Argentinada səfərdədir. Məsələ ondadır ki, Qərb ölkələri Ukrayna Prezidenti Zelenskinin əvəzlənməsinin vacibliyini getdikcə daha çox müzakirə edirlər. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib ki, Qərb hesab edir ki, Zelenski Rusiya ilə müharibənin barışmaz tərəfdarı imicini yaratmaqda həddini aşıb: "Qərbdə Zalujnı, Yermak, Arestoviç, Kliçkoya Zelenskinin mümkün əvəzləyicisi kimi baxırlar. Kiyev rejimi əvvəl-axır qaçılmaz olaraq xaricdəki ağaları tərəfindən tərk ediləcək". ABŞ-nin respublikaçı senatoru Ceyms Devid Vens isə deyib ki, Ukrayna ərazisinin bir hissəsini Rusiyaya güzəştə getməli olacaq. O bildirib ki, bunu tanımaq ABŞ-nin maraqlarına uyğundur: “Ukraynanın Rusiyanı 1991-ci il sərhədlərinə çıxartması absurd fikirdir. Heç kim buna inanmır”. Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general Aleksandr Sırski vurğulayıb ki, Rusiya ordusu bütün cəbhə boyu hücum əməliyyatlarını davam etdirir. Generalın sözlərinə görə, şərq istiqamətində əməliyyat vəziyyəti ağır olaraq qalır və Rusiya qoşunları bütün cəbhə xətti boyunca hücum əməliyyatlarını dayandırmır. “Forbes” jurnalı da məlumat yayıb ki, Rusiya hərbçiləri şaxta başlamazdan əvvəl müdafiə xəttini gücləndirə biliblər: "Ukraynalılar yenidən hücuma keçsələr, çox güman ki, daha sərt müdafiə ilə üzləşəcəklər". Qeyd olunub ki, ukraynalı döyüşçülər şaxtalı hava şəraitinin Rusiya Silahlı Qüvvələrinin mina sahələrini genişləndirməsinə mane olacağına ümid etməməlidirlər.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti V.Zelenskinin ABŞ-yə səfəri bir çox məsələləri həll etməyə hədəflənib. Analitik düşünür ki, Ukraynanın əks-hücumlarının istənilən nəticəni verməməsi, Kiyev rəhbərliyinin bunu Qərbin yetərli silah verməməsi ilə əlaqələndirməsi siyasi problemə gətirib çıxarıb:
"Həmçinin ABŞ-nin maliyyə və hərbi yardımı gecikdirməsi, Konqresin Ukraynaya vəsait ayırmaması Kiyevdə hərbi-siyasi sferada təlaş yaradıb. Nəticədə Rusiya cəbhə xəttində təşəbbüsü ələ ala bilib. Belə gərgin situasiyada Zelenskinin Vaşinqtona səfəri bir çox problemi həll etmək və maliyyə ayırmasına nail olmaqdır. Səfər çərçivəsində Zelenski Prezident Cozef Baydenlə və Konqresdə görüşlər keçirəcək. Səfərin əsas məqsədi Konqresdə Ukraynaya maliyyə yardımına səs verilməsinə nail olmaq və uzaqmənzilli raketlərin, F16 təyyarələrinin verilməsini tezləşdirməkdir".
Ekspert vurğulayıb ki, bundan əlavə, Zelenski Ukraynada prezident seçkilərinin keçirilib-keçirilməməsi ilə əlaqədar danışıqlar aparacaq:
"Vaşinqtondan siyasi dəstək istəyəcək. Çünki daxildə siyasi intriqalar qızışır, ordu ilə siyasi hakimiyyət arasında fikir ayrılıqları dərinləşir. Ukrayna prezidentinin əsas hədəfi seçkilərə getməmək, martda Rusiyada keçiriləcək prezident seçkilərində rus ordusunu bir çox ərazilərdən çıxartmaq, Putinin daxili siyasi vəziyyətini gərginləşdirməkdir. Ümumən, Zelenskinin Vaşinqtona səfərinin müsbət nəticələnməsi gözlənilir. ABŞ Konqresi Ukraynaya nəzərdə tutulan maliyyə yardımını ayıra bilər".