Ermənistandan qovulmuş azərbaycanlılar mütləq öz doğma torpaqlarına qayıtmalıdır
Ermənistanda siyasi şərhçilər azərbaycanlıların Ermənistana, daha doğrusu, Zəngəzura qayıtmasını "fəlakət" kimi dəyərləndirirlər. Bunun gələcəkdə "saatlı bomba"ya çevriləcəyini iddia edirlər. Məsələn, siyasi şərhçi Vigen Akopyan deyib ki, bu, kifayət qədər həssas məsələdir. Onun sözlərinə görə, azərbaycanlılar bu məsələdə çoxdan mövqe ortaya qoyublar: "1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıları geri qaytarmağa çalışırlar. Onların sayı, müxtəlif mənbələrə görə, 300 minə çatır. Çox gözəl başa düşürlər ki, bu, gələcəkdə Azərbaycanın yumşaq gücü olacaq və Ermənistanın altında salınmış minaya çevriləcək”. O iddia edib ki, fürsət yaranan anda rəsmi Bakı azərbaycanlıların hüquqlarının və ya təhlükəsizliyinin qorunmadığını bəyan edəcək və bunun əsasında həm Azərbaycan, həm də Türkiyə Ermənistan ərazisinə silahlı qüvvələr yeritmək üçün səbəb axtaracaq: “Azərbaycan Silahlı Qüvvələri Ermənistana daxil olsa, bir daha oranı tərk etməyəcək. Bu ərazilərdə “Azərbaycan Ermənistanı” olacaq, yəni “Kıbrıs-2” yaranacaq. Azərbaycan müharibədən sonra “güzgü prinsipi” tətbiq edir: Laçın varsa, Zəngəzur olmalıdır, Qarabağa ermənilər qayıdırsa, Ermənistana da azərbaycanlılar qayıtmalıdır”. Akopyan vurğulayıb ki, bəzi Qarabağ sakinləri öz evlərinə qayıtmağa hazır ola bilərlər, ancaq beynəlxalq və kifayət qədər möhkəm təminat əsasında: “Azərbaycanlı qaçqınların da çoxu geri dönəcək, lakin güc baxımından təminat almaqla”.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan yenə də öz xislətinə uyğun iddialar uydurmaqla məşğuldur. Analitik vurğulayıb ki, Gürcüstanda yarım milyondan çox azərbaycanlı yaşayır:
"Məgər onlar ermənilərin iddia etdiyi kimi Gürcüstan dövləti əleyhinə fəaliyyət aparır ki, Ermənistan əleyhinə də aparsın? Ermənistan öz fikirlərini Azərbaycanın adına çıxmaq istəyir. Qüvvə yeritmək hər hansı halda başqa dövlətə təcavüz sayılır. Bunun üçün səbəb olsa da, olmasa da. Ona görə də Azərbaycanın, Türkiyənin indi də, gələcəkdə də belə planı yoxdur və olmayacaq. Azərbaycan artıq Ermənistanla sülh şəraitində yaşamaq istəyir. Ermənistanda yaşamış və oradan qovulmuş azərbaycanlılar mütləq öz doğma torpaqlarına qayıtmalıdır. Bunun başqa yolu yoxdur".
A.Qasımov bəyan edib ki, əgər nə vaxtsa, Ermənistanın başına qeyd etdikləri hadisələr gələcəksə, bu, İrəvanın düşmənçilik fəaliyyətinin nəticəsi olacaq: "Azərbaycanlılar öz evlərinə sakit yaşamaq üçün getmək istəyirlər, yenidən başlarına macəra açmaq üçün yox. Orada yaşayan azərbaycanlıların təhlükəsizliyindən təbii ki, Ermənistan məsul olacaq. Ermənistan öz vəzifəsini yerinə yetirə bilməsə, Azərbaycan dövlətinin öz həmsoylularını qorumaqdan təbii haqqı ola bilməz. Ermənistan da çalışar ki, Azərbaycana bu şansı verməsin. Özü öz vətəndaşlarının təhlükəsizliyini qorusun. Yəni məsələ o yerə çatmasın ki, Azərbaycan onun işini görsün".