Qurucu və xilaskar dövlət xadimi

Ümummilli Liderin vəfatından 20 il ötür

  Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Sonra Azərbaycanın Dövlət himni səsləndirilib. Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb. 
  Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadiqdir. Bunun davam etdirilməsi sosial çağırışdır. Məhz bu çağırışa cavab olaraq Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi. Sərəncamda da qeyd olunduğu kimi, Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Bu gün Azərbaycan Ümummilli Liderin müəyyənləşdirdiyi yolla inamla irəliləyir. Xalqımız Ulu Öndərin layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”. Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başladı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza bu il sentyabrın 19-da növbəti Qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu. Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib. Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.
  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevi hər zaman böyük hörmət və ehtiramla yad edir, əziz xatirəsini daim uca tutur. Çünki hər bir soydaşımız bugünkü firavan həyatına, ölkəmizin dünya miqyasında sayılıb-seçilən dövlətə çevrilməsinə görə Ulu Öndərə borcludur:

"Heydər Əliyev  hər bir  soydaşımızın, dünya azərbaycanlılarının  qəlbində  dahi şəxsiyyət,  böyük lider və  görkəmli dövlət xadimi kimi yaşayır. Müdrik tarixi şəxsiyətin müəyyənləşdirdiyi alternativi olmayan siyasi kurs və  Prezident İlham Əliyevin dediyi kimi, bu siyasi kursa sadiqlik, onun uğurlu davamı daim ölkəmizə və xalqımıza  nurlu yol göstərib,  bu gün də göstərməkdədir. Ulu Öndər  Azərbaycan dilini,  mədəniyyətini, incəsənətini çox sevirdi. Ümummilli Lider, sözün həqiqi mənasında,  Azərbaycan üçün əlindən gələni etməyə hazır olan siyasət və dövlət xadimi idi. Müdrik şəxsiyyətin  “Mən həyatımın qalan hissəsini öz xalqıma həsr edirəm” sözləri qəlbinin dərinliklərindən gəlirdi. O,  Azərbaycan üçün çox mürəkkəb bir dövrdə bu sözləri deməklə Vətən, xalq, millət naminə canından da keçməyə hazır olduğunu bildirmişdi. Bu bir faktdır ki, əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpağımız işğal altına düşməzdi və  torpaqlarımz 30 il düşmən tapdağı altında qalmazd. Ulu Öndərin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyev onun arzularını gercəkləşdirdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi”.
  Hüquq müdafiəçisi deyib ki, illər keçdikcə Ümummilli Liderin  Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur: "Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 29-da  “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” imzaladığı Sərəncam hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılandı. Çünki Heydər Əliyev ən çətin anlarda, xalqının, millətinin yanında olub. Bu məqamlar dövlətimizin başçısının sərəncamında da öz əksini tapıb: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir". 
  Ç.Qənizadə əlavə edib ki, Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi hər iki dönəmdə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, mədəni irsimizin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Heydər Əliyevin qətiyyəti, vətənpərvərliyi, xalqına və millətinə olan hədsiz sevgisi nəticəsində milli-ideoloji siyasətin tərkib hissəsi kimi, Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan ana dilimizin qorunub saxlanılması və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da olduqca mühüm əhəmiyyətə malik idi. SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan çox çətinliklərlə, məşəqqətlərlə qarşılaşdı. Belə çətin dövrdə Vətəninə, xalqına, millətinə, yenə də Ulu Öndər Heydər Əliyevin arxa-dayaq olduğunu deyən hüquq müdafiəçisi bildirib ki, o, Azərbaycanı düşdüyü ağır böhrandan, vətəndaş qarşıdurmasından xilas etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Xalqın  təkidli xahişi  ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev ölkəyə rəhbərliyə razılıq verdi. Bundan sonra Azərbaycanın ictimai-siyasi həyatında yeni eranın əsası qoyuldu.  Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi  dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Tarixi şəxsiyyətin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz  layiqli yerini tuta bildi. Ən ağır məqamlarda  Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyan və Vətənimizin inkişafı ilə bağlı ən düzgün qərarlar qəbul etdi". 
  Hüquq müdafiəçisi bildirib ki, bu gün Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursuna sadiqliyi Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb: "Dövlətimizin başçısı ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək müstəqillik tariximizdə əbədi izini qoydu. Heydər Əliyev siyasi kursu Azərbaycanın adını daha yüksəkliklərə qaldıracaq və dünyanın inkişaf edən qüdrətli dövlətinə çevirəcək. Xalqın dərin  məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq".