Azərbaycanın beynəlxalq nüfuzu artır

"COP29"un Azərbaycanda keçirilməsi o deməkdir ki, ölkəmiz beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq

  "BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi barədə qərar hər şeydən əvvəl ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir". Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, hər bir ölkə öz ərazisində belə bir tədbirin keçirilməsini arzu edir və yekun qərar kollegial şəkildə verilir:

"Namizədliyini irəli sürən ölkə, təbii ki, müəyyən meyarlara cavab verməli, qlobal iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərində iştirak etməli, ekoloji proqramlar həyata keçirməli, beynəlxalq münasibətlər sistemində çoxlu dostları, tərəfdaşları olmalıdır. Beynəlxalq tədbirlərin keçirilməsi üzrə təşkilatçılıq təcrübəsi olmalıdır. Bütün bunlar Azərbaycanda var və hesab edirəm ki, indiyə qədər ev sahibliyi etdiyimiz iqtisadi, siyasi, nəqliyyat-logistika, idman, mədəniyyət, sivilizasiyalar arası dialoq, multikulturalizm tədbirlərində olduğu kimi, ən yüksək səviyyədə təşkil olunacaq".
  Parlament üzvü vurğulayıb ki, "COP29"un Azərbaycanda keçirilməsi o deməkdir ki, ölkəmiz ən azından bir il ərzində beynəlxalq ictimaiyyətin, bu sahə ilə ixtisaslaşmış siyasi təşkilatların, ekoloqların diqqət mərkəzində olacaq: "Hazırda planetin, insanlığın qarşısında duran bir nömrəli məsələ, iqlim dəyişikliyinin, quraqlığın, səhralaşmanın, atmosferin həddindən artıq çirklənməsinin, su çatışmazlığının qarşısının alınmasıdır. Dövlətlərin ərzaq təhlükəsizliyi məsələləri də, bilavasitə iqlim dəyişikliyi ilə bağlıdır. Son illər Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ciddi maliyyə tutumu olan ekoloji layihələr həyata keçirilib. Meşələrin bərpası, yaşıllaşdırma, havanın çirkləndirilməsi, alternativ və bərpa olunan enerjiyə keçid, ətraf mühitin qorunması istiqamətində xeyli işlər görülüb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən “hərəyə bir ağac əkək” kampaniyası 15 ildən artıqdır ki, davam edir. İqlim dəyişikliyi üzrə beynəlxalq tədbir, BMT-nın keçirdiyi digər tədbirlərdən kütləviliyi ilə fərqlənir və üzv dövlətlərin əksəriyyəti ali səviyyədə iştirak edir. Bu baxımdan, tədbirin ölkəmizə siyasi, iqtisadi dividendlər gətirəcəyi şübhəsizdir".