Partiya sədri: Qarşıdakı dönəmdə rus sülhməramlıları da gedəcək

İkitərəfli danışıqlarla nəticəyə varmaq daha effektli görünür

“ABŞ, Avropa Birliyi, o cümlədən Rusiya vasitəçilik missiyası ilə yanaşı, özlərinin siyasi-iqtisadi və hərbi məqsədlərini də qabardırlar”



  Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İctimai telekanala müsahibəsində bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan bütün şərtlər artıq etibarlı deyil. Bunu son günlər digər erməni rəsmilər də deyirlər. Bu, birincisi, o deməkdir ki, Ermənistan hakimiyyəti 10 noyabr bəyanatından imtina edir. Bəyanatın bizim üçün də mənası qalmayıb, çünki məlum sənəd imzalananda Laçın dəhlizi və Qarabağın bir hissəsi hələ Azərbaycanın nəzarətində deyildi. Azərbaycan sonrakı mərhələdə bu məsələləri həll etdi. Yəni 10 noyabr bəyanatı Azərbaycan üçün də mənasını itirib. Bircə bəyanata görə Rusiya hərbi kontingentinin Qarabağda missiyasını davam etdirməsi bəndi qalıb ki, bunu da Bakı Moskva ilə danışıqlar əsasında həll edəcək. İrəvanın 10 noyabr bəyanatından imtinasının başqa mənası da var. Ermənistan hakimiyyəti artıq Moskvanın vasitəçiliyini qəbul etməyəcək. Bu, Azərbaycanın maraqlarıyla da uzlaşır. Önəmli olan vasitəçisiz birbaşa danışıqları intensivləşdirmək və yeni razılaşmalar əldə etməkdir. Bunun üçün Rusiya və ya digər ölkənin vasitəçiliyinə ehtiyac yoxdur.
 
 Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a deyib ki, üçtərəfli bəyanatın bir çox bəndləri Ermənistan tərəfindən icra olunmadı. Partiya rəhbəri vurğulayıb ki, təkcə Ermənistan deyil, eyni zamanda üçüncü tərəf olan Rusiya da bəyanatın icrasını təmin etmədi: 
"Azərbaycan öz gücü hesabına üçtərəfli bəyanatdakı bir çox müddəanı həll etdi. Ermənistan tərəfi isə məqsədli şəkildə üçtərəfli bəyanatın bəzi bəndlərinin qüvvədən düşdüyünü qabardırlar. Xüsusən, Zəngəzur dəhlizinə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin nəzarət etməsi ilə bağlı müddəa var idi ki, İrəvan buna birmənalı qarşı çıxır. Halbuki Ermənistan rəhbərliyi buna razılıq vermiş və sənədə qol çəkmişdi. Amma indi bəyan edirlər ki, dəhliz ancaq Ermənistanın suverenliyi diqqətdə saxlanılmaqla açıla bilər. Yəni yola nəzarət mexanizmi də mütləq Ermənistan hökuməti tərəfindən həyata keçirilməlidir. Faktiki olaraq 10 noyabr bəyannaməsi öz aktuallığını itirib. Sadəcə, rus sülhməramlı kontingentinin hələ də Azərbaycan ərazisində qalması məsələsi durur. Ancaq bu da artıq ciddi problem sayılmır. Azərbaycanla Rusiya arasında razılaşma əsasında qarşıdakı dönəmdə rus sülhməramlıları məsələsi həllini tapacaq".
  
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bundan sonrakı razılaşmalar daha çox Azərbaycan-Ermənistan arasında ikili danışıqlar fonunda olacaq: 
"Azərbaycanın təklifi odur ki, İrəvanla görüşlər vasitəçisiz olsun. Çünki kənar vasitəçilər olmadan razılaşma ehtimalı yüksəkdir. 7 dekabr razılaşması da bunun sübutudur. ABŞ, Avropa Birliyi, o cümlədən Rusiya vasitəçilik missiyası ilə yanaşı, özlərinin siyasi-iqtisadi və hərbi məqsədlərini də qabardırlar. Bölgədə öz mövcudluqlarını bərpa etmək, möhkəmləndirmək istəyirlər. Bu da birmənalı olaraq Azərbaycana, elə Ermənistanın özünə də sərf etmir. Ona görə də ikitərəfli danışıqlarla nəticəyə varmaq daha effektli görünür".