Qarşıdan qış ayları gəlir
"Ermənistan baş naziri çalışır ki, Rusiya qaz və digər xidmətlərin qiymətini qaldırmasın”
Hesab edirik ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidentinin dəvətindən istifadə edərək dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclasına və MDB ölkələri dövlət başçılarının qeyri-formal sammitinə gələcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Paşinyanın İctimai Televiziyaya müsahibəsində rəsmi Moskvanın əleyhinə səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Paşinyan Peterburqda keçiriləcək görüşdə İrəvan üçün maraqlı olan bütün məsələləri qaldıra bilər: "O ki qaldı bizim Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövqeyimizə, bu mövqe ölkə prezidenti, xarici işlər naziri, prezident administrasiyası, ümumilikdə XİN tərəfindən dəfələrlə açıqlanıb. Düşünürəm ki, siz bu mövqe ilə yaxşı tanışsınız". Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrın 25 və 26-da Sankt-Peterburqda keçirilən Aİİ İqtisadi Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcəyi deyilir. Məlumdur ki, uzun müddətdir, rəsmi İrəvan Rusiyanın müəlliflik etdiyi platformaları boykot edirdi. Lakin hakim “Mülki müqavilə” partiyasının Gümrüdə keçirilən toplantısında Nikol Paşinyan və Ararat Mirzoyan Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtının çatdığını bildiriblər. “Hraparak” qəzeti də yazıb ki, Ermənistan hakimiyyəti Qərbdən istədiyi dəstəyi ala bilmədiyi üçün “U dönüşü” etməyə hazırlaşır. Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Kreml Nikol Paşinyanın MDB liderlərinin qeyri-rəsmi görüşündə, eləcə də Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edəcəyi barədə siqnal alıb.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın MDB dövlət başçıları Sammitində iştirak etməsi, yəni buna razılıq verməsi sıradan hadisədir. Analitik diqqətə çatdırıb ki, qarşıdan qış ayları gəlir:
"Ona görə də Nikol Paşinyan çalışır ki, Rusiya qaz və digər xidmətlərin qiymətini qaldırmasın. Çünki Ermənistan iqtisadiyyatının müəyyən dərəcədə inkişafı Rusiya ilə əlaqələrdən asılıdır. O baxımdan Paşinyan Sammitə qatıla bilər. Ancaq düşünmürəm ki, baş nazir bu addımı ilə Qərbdən uzaqlaşıb Rusiya yönümlü siyasət həyata keçirəcək. Paşinyan KTMT-nin Moskvada keçirilən tədbirlərində iştirak etmir. Ermənistan tərəfi, ümumiyyətlə, Rusiyanın moderatoru, dominantı olduğu təşkilatları boykot edir. Paşinyanın sammitə getməsi də sadəcə manipulyasiyadır. O, ikili oyun oynayır. Konkret olaraq Nikol Paşinyanın əsas strateji hədəfi Qərblə əməkdaşlıq və rus orbitindən çıxmaqdır".