Sərhədlərin müəyyənləşməsi isə sonraya saxlanacaq
“Bütün hallarda kommunikasiyanın açılması arxa plana keçdiyi üçün itirən yenə Ermənistan olacaq"
"Biz əvvəllər dəfələrlə bildirdiyimiz kimi, artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qalırıq”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması barədə suala cavabında deyib. Paşinyan qeyd edib ki, son vaxtlar bölgədə və qonşu ölkələrdə baş verən hadisələr sülh prosesinin qəsdən ləngidildiyini göstərmir: "Ancaq bu cür fikirlər daha çox əsaslandırılırsa, onlar çox dərin narahatlıq predmetinə çevrilməlidir". Gürcüstan Baş naziri İrakli Qaribaşvili də deyib ki, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasında maraqlıdırlar. Baş nazirin sözlərinə görə, Tbilisi bu hədəfə çatmaq üçün mühüm töhfələr verir. Qaribaşvili Azərbaycan, Ermənistan və Türkiyə ilə sıx dostluq münasibətləri saxladıqlarını bildirib: "Bir müddət əvvəl Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda idi və bizim üçtərəfli görüş keçirmək üçün unikal imkanımız oldu". Prezidentin köməkçisi Hikmət Hacıyev də Londonda keçirdiyi görüşlərdə deyib ki, Ermənistanla dayanıqlı sülh müqaviləsi bağlamaq üçün heç bir ciddi maneə yoxdur. Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər: “35 illik münaqişə artıq başa çatıb. Azərbaycanın indi strategiyası sülhə nail olmaqdır. Bu, hər iki tərəfdən fəaliyyət tələb edir. Sülh müqaviləsi raket elmi deyil. Sülh gündəminə gedən yolda Azərbaycan üçün daha heç bir maneə yoxdur”.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında bildirib ki, Hikmət Hacıyevin açıqlamasını sülh sazişini indi imzalamaq, sərhəd müəyyənləşməsini isə sonraya saxlamaq təklifi də hesab etmək olar. Ekspert diqqətə çatdırıb ki, Bakı bununla sülh sazişinin daha tez imzalanmasında maraqlı tərəf olduğunu göstərir:
"Bunun üç mümkün səbəbi var. Birincisi, sərhədin delimitasiyası uzunmüddətli prosesdir və tərəflər arasında fikir ayrılığının olduğunu nəzərə alsaq, bu, sazişin imzalanmasını gecikdirəcək. İkincisi, Ermənistan “güzgü prinsipi” üzrə qoşunların geri çəkilməsini istəyir. Bu, sərhəddə strateji yüksəkliklərə nəzarəti bərpa edən Azərbaycanın xeyrinə olmadığı üçün məsələnin sonraya saxlanılması Bakının maraqlarına daha uyğundur. Üçüncüsü, Azərbaycan Ermənistanla münasibətlərin ikitərəfli formatda həll edilməsindən yanadır. Hərçənd, sərhədin müəyyən edilməsi sovet xəritələrini gündəmə gətirir. Bu da xəritələrin olduğu Rusiyanın prosesdə iştirakını şərtləndirəcək. Birinci və üçüncü amil Ermənistan üçün də keçərlidir. Xüsusilə, kommunikasiyanın açılmasının tezləşməsi fonunda. İrəvan anklavlar məsələsinə görə də sərhədin müəyyənləşməsinin ayrıca müzakirəsində maraqlı ola bilər. Lakin sülh sazişi üçün Naxçıvana çıxış məsələsində Bakının “Azərbaycandan Azərbaycana prinsipi”ni qəbul etməlidir. Naxçıvana aparılan yüklər və gedən sərnişinlər gömrük rüsumundan azad edilməli, sərhəd yoxlaması tətbiq edilməməlidir".
Analitikin fikrincə, əks təqdirdə, sazişin imzalanması sual altına düşür:
"Burada bir mümkün variant da ola bilər. Tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasını rəsmiləşdirir. Fikir ayrılığının olduğu məsələlər - sərhəd və kommunikasiyaların hansı prinsiplərlə müəyyən edilməsi sonraya saxlanılır. Bu halda kommunikasiyanın açılması arxa plana keçdiyi üçün itirən yenə Ermənistan olacaq".