Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 7-yə çatıb. Mərkəzi Seçki Komissiyasının iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, bundan öncə MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Millət vəkili Razi Nurullayev "Sherg.az"a açıqlamasında deyib ki, seçki varsa, siyasi partiya imkanları daxilində mütləq seçkiyə qatılmalıdır. Deputat vurğulayıb ki, siyasi partiyanın və siyasətçilərin arzusu elə seçkidə qalib olmaqdır: "Seçki asan proses deyil, imza toplamaq asan deyil, siyasi mübarizə aparmaq asan deyil. Amma siyasi partiya sədri olmaq və siyasətçi adını daşımaq hər bir siyasətçi və partiya üçün xalq və üzvləri qarşısında bir məsuliyyət və vəzifə yaradır. Biz Milli Cəbhə Partiyası olaraq seçkilərə öz namizədimizlə qatılırıq. Partiya məni namizəd kimi irəli sürüb və səfərbər olunub. Seçkiyə açıq ürəklə və inamla gedirik. Amma seçkiyə qatılmaq və qatılmamaq hər bir siyasətçinin və siyasi partiyanın öz işidir. Lakin digərlərinə xor baxmaq, aşağılamaq və öz eyiblərini və zəifliklərini ört-basdır etmək üçün digər namizədlərin üzərinə hücum çəkmək və onları da boykota çağırmaq ən pis hərəkətdir".
Parlament üzvü vurğulayıb ki, seçkilərə bu və ya digər səbəbdən qatılmamaq olar: "Bir partiya imza yığmaqda çətinlik çəkir, bir partiyanın maliyyə resursları iştirak üçün əsas vermir. O birisi hələ ki, özünü hazır görmür və bunlar dünyada qəbul olunmuş məsələlərdir. Amma seçkini boykot etmək siyasətçi və siyasi partiya üçün ən son məqamdır. Boykot bir dəfə olar, daha hər seçkidə boykot qərarı olacaqsa, o zaman o partiya və siyasətçi kimə lazımdır? AXCP sədri gələn il keçiriləcək növbədənkənar seçkiləri boykot qərarı verib və bir sıra siyasi partiya və siyasətçilərə təzyiq edir ki, onlar da boykot etsinlər. Niyə? Nə üçün? Hansı ölkədə siyasətçinin qabağına nimçədə hakimiyyət gətirib qoyublar? Gərək xalqla işləyəsən. Monitor arxasında oturmaqla hakimiyyətə gəlmək mümkün deyil. Əgər bu qədər güclü müxalifətsənsə və özünə güvənirsənsə, al yüzminləri arxana və bir həftəyə imza topla. Xalqa bəhanələr və özünü sudan quru çıxarmaq üçün məntiqsiz əsaslandırmalar lazım deyil, ona nəticə lazımdır. Müxalifətin boykotunu xalq qəbul etmir və etməyəcək".