Delimitasiya və demarkasiya proseslərinin isə nə vaxt başa çatacağını heç kim deyə bilməz
Prezidentin köməkçisi Hikmət Hacıyevin sərhədlərin demarkasiyası məsələsinin sülh müqaviləsindən ayrılması fikri ilə bağlı bəyanatı Ermənistanda ciddi müzakirələrə yol açıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan belə bir variantın Ermənistan üçün məqbul ola biləcəyini deyib. Onun sözlərinə görə, delimitasiya və demarkasiya prosesi çox uzun çəkə bilər: "Həqiqətən, sülhsevər ölkə belə şeylərdə heç bir maneə görməyəcək. Bəzi məsələləri həll etdikdən sonra, sülh müqaviləsi imzalanandan sonra, cəmiyyətləri sülh və əmin-amanlıq mühitinə gətirdikdən sonra belə bir şey də ola bilər, mənim fikrim budur". "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan bu təklifi "təhlükəli" adlandırıb. Abramyanın fikrincə, bu, faktiki olaraq o deməkdir ki, sərhəd məsələləri o qədər həlledilməzdir və ya tərəflər qarşılıqlı razılıq əldə etmək imkanından o qədər uzaqdırlar ki, onu əsas sənədin müzakirəsindən kənarda qoyurlar: "Beləliklə, hansısa mərhələdə hansısa sənəd imzalansa belə, o, yalnız xoş niyyətli deklarativ mahiyyət daşıyacaq. Birinci təhlükə odur ki, sərhəd məsələsində dərin problemlər yeni eskalasiyaya və ya partlayışa gətirib çıxara bilər". Qeyd edək ki, sərhədin delimitasiya və demarkasiyası illərlə davam edən prosesdir və bu, bütün dünyada bu cür qəbul edilir. Məsələn, Azərbaycanla Gürcüstan bir-birinin ərazi bütövlüyünə hörmət edir və tanıyır, ancaq sərhədin bəzi hissələrində hələ də komissiyalar dəqiqləşmələr aparırlar. Bu baxımdan Azərbaycan tərəfinin delimitasiya və demarkasiya prosesini sülh sazişindən ayırmaq təklifi beynəlxalq hüquqa və normalara uyğundur. Bunun İrəvanda fərqli qəbul edilməsi isə yalnız sülh sazişinə mane olmaq cəhdidir.
Millət vəkili Nəsib Məhəməliyev də "Sherg.az"a deyib ki, Prezidentin köməkçisi tamamilə haqlıdır. Parlamentarinin sözlərinə görə, delimitasiya və demarkasiya proseslərinin nə vaxt başa çatacağını heç kim deyə bilməz:
"Bu, olduqca uzun və üzücü bir prosesdir. 2000-ci illərin əvvəllərində Rusiya və Gürcüstanla sərhədlərin müəyyənləşdirilməsində yaxından iştirak etmişəm. Bir faktı xatırladım ki, strateji müttəfiqimiz olan qonşu Gürcüstanla 30 il keçməsinə rəğmən, hələ də yarımçıq məsələlər qalmaqdadır. Əgər sülh sazişini sərhəd məsələlərinə bağlasaq, müsbət nəticə almaq çətin olar. Əsas odur ki, Paşinyan, Simonyan, bütövlükdə Ermənistan hakimiyyəti siyasi möhtəkirlikdən əl çəkib reallıqla barışmalıdır. Özlərində iradə tapmalı, məğlub tərəf olaraq, qeyd-şərtsiz sülh müqaviləsini imzalamalıdır".
Deputat diqqətə çatdırıb ki, arxivə atılmış Qarabağ ermənilərinin gələcək taleyi ilə bağlı hansısa "status" qəbuledilməzdir:
"Qalan bütün məsələlər işçi qaydada müzakirə predmeti ola bilər. Əfsuslar olsun ki, Ermənistan mövcud vəziyyəti düzgün qiymətləndirmir, silahlanmaqda davam edir. Bu da təbii ki, bölgədə gərginliyi artırır. Bu baxımdan, yaxın zamanlarda sülh sazişinin imzalanacağı barədə fikirlərdə optimist deyiləm".