Günahkar Makrondur - millət vəkili

Fransanın etdikləri fransız xalqının maraqlarına cavab vermir

“Paris hökumətinin apardığı siyasət bir-birinin ardınca uğursuzluğa düçar olur”

  Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edilib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilib ki, rəsmi Paris Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona-non-qrata” elan etməsi ilə bağlı qərarını nəzərə alıb. O, Azərbaycanın öz qərarını əsaslandırdığı iddiaları qəti şəkildə rədd edir. Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona-non-qrata” elan edib”. Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxs elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib. Ümumən, son dövrlər Makron Administrasiyasının yeritdiyi yarıtmaz siyasət nəticəsində Paris-Bakı əlaqələri kifayət qədər kəskinləşib. Fransa rəhbərliyi davamlı olaraq Azərbaycan əleyhinə fəaliyyət sərgiləməkdədir.
  Millət vəkili Aydın Mirzəzadə "Sherg az"a deyib ki, Azərbaycan öz suveren hüquqlarını qorumaq üçün beynəxalq hüququn ona verdiyi bütün imkanlardan istifadə edir və bundan kənara çıxmır. Deputatın sözlərinə görə, Fransa ilə münasibətlərin pisləşməsinin səbəbkarı Makron Administrasiyasıdır:

"Şəxsən Prezident Emmanuel Makronun Azərbaycanın daxili işlərinə qarışması, ərazi bütövlüyümüzü şübhə altına alması, erməni işğalını və separatçılığını açıq şəkildə dəstəkləməsi ikili əlaqələrin korlanmasına gətirib çıxardıb. Son günlərdə Fransanın Azərbaycandakı səfirinin iki əməkdaşının qeyri-qanuni işlərlə məşğul olması ilə əlaqədar ölkədən çıxarılması öz qürurumuzu və hüquqlarımızı qorumaqla bağlıdır. Fransanın anti-Azərbaycan addımlarının hamısı özünə ziyan verəcək. Bizim Fransa iqtisadiyyatında kapitalımız yoxdur. Beynəlxalq aləmdə hansısa birgə layihələrdə iştirak etmirik. Məhz Fransaya məxsus şirkətlər Azərbaycanda fəaliyyət göstərirdilər. Fransanın Cənubi Qafqazda fəal iştirakı üçün mütləq Azərbaycanla əlaqələrin düzgün qurulması lazım idi. İşğaldan azad edilən ərazilərdə görülən bərpa işlərində fransız şirkətləri böyük fayda götürə bilərdi. Fransa öz mədəniyyətini, dövlətçilik uğurlarını Azərbaycanda yaymaq üçün geniş imkanlara malik idi. Azərbaycanda xüsusi fransızdilli lisey var. Bakının mərkəzində fransız dili təmayüllü digər məktəblər var, Azərbaycan-Fransa universiteti var. Bakı öz tərəfindən Parislə münasibətlərin yaxşı olması üçün hər şeyi edib".
  Parlament üzvü qeyd edib ki, Fransanın etdikləri fransız xalqının maraqlarına cavab vermir: "Günahkar hazırkı administrasiyadır. Paris hökumətinin apardığı siyasət bir-birinin ardınca uğursuzluğa düçar olur. Onun fəaliyyəti ölkə daxilində böyük narazılıqlara səbəb olmaqdadır. Vaxtaşırı keçirilən etiraz aksiyalarının Fransa rəhbərliyinin ölkə daxilində də çox qüsurlu siyasət apardığını göstərir. O ki qaldı bizim iki səfirlik əməkdaşının Fransadan çıxarılmasına, bunun səfirliyin fəaliyyətinə hansısa ciddi təsiri olmayacaq. Fransa ilə elə də sıx əlaqələrimiz yoxdur. Uduzan Fransa olacaq".