Ərazilər minalardan təmizləndikdən sonra hər kəs yurduna rahat gedəcək
Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də bu qaydaları pozan vətəndaşlara rast gəlinib.
Ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq postlardan kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə məlumatlar əldə edilməkdədir.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli “Sherg.az” bildirib ki, Qarabağa gedən insanlar uzunmüddətdir dədə baba yurduna və yaxınlarının məzarına getmək istəyənlərdir:
“O insanları vətən həsrəti darıxdırır. Ancaq müharibədən sonra 200-dən artıq mina qurbanı olmuş vətəndaşlarımızı gözləri önünə gətirmələri lazımdır. Məhz həmin ərazilərə icazəsiz gedərkən çox insan mina qurbanı olub. Dövlətimiz istəyir ki, itkilər olmasın. Bunun üçün mina agentliyi yaradılıb və böyük vəsait ayrılıb. Qısa müddət ərzində də ərazinin xeyli hissəsi minalardan təmizlənib. Ancaq hələ də işlər davam edir. Minadan təmizlənmiş ərazilər rəsmi dövlət qurumları tərəfindən bəlli olduğu üçün səfər edən şəxslər həmin yerlərə gedir. Təmizlənmiş ərazilərdə bərpa-quruculuq işləri davam edir, hava, dəmir, avtomobil yolları çəkilir və evlər tikilir. Vətəndaşlarımız bu işlərə dəstək olmalıdır ki, davam edən proses uğurlu və itkisiz şəkildə başa çatsın. Dövlət xəbərdarlıq edəndən sonra cəzalar tətbiq etməyə məcbur olacaq. İşğaldan azad edilmiş ərazilərə gedən vətəndaşların təhlükəsizliyi dövlət üçün önəmlidir. Bir neçə il öncə Şuşa və digər rayonlarımıza getmək olmurdu. Hazırda portala daxil olaraq vətəndaşlarımız rahat gedə bilərlər. Bir müddətdən sonra ərazilər tamam minalardan təmizləndikdən sonra hər kəs yurduna rahat gedəcək ”.