"Elza Seyidcahan Azərbaycan incəsənətində, düşüncəsində, poeziyasında kifayət qədər orjinal fikirlərə malik və mövqeyi olan bir şəxsiyyətdir"
Hər dəfə Milli Məclisə seçkilər keçiriləndə ən müxtəlif sahələrdən olan insanlar seçki marafonuna qoşulur. Bəzən onların arasında aktrisa, müğənni və digər sənət adamları da olur. Məsələn, ötən seçkilərdə Əməkdar artist, müğənni Elza Seyidcahan da namizədliyini irəli sürmüşdü.
Maraqlıdır, deputat seçilməsə də, AYB-yə üzv qəbul edilən müğənni bu dəfə seçkiyə qatılacaqmı?
O, Bakupost.az -ın əməkdaşının bu sualına cavabında yenə də özünəməxsus və qəribə fikirlər səsləndirib:
“Parlament seçkilərinə namizədliyimi vermişəm, özü də göyün yeddinci qatından. Siz bunu dediyim kimi yazın, camaat nə demək istədiyimi başa düşəcək”.
Qeyd edək ki, Elza Seyidcahan 2020-ci ilin növbədənkənar parlament seçkilərində 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüşdü.
Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə “Sherg.az”a bildirib ki, tanınmış sənətçi, əməkdar artistimiz Elza Seyidcahan digər vətəndaşlar kimi konstutisiya hüququdur ki, parlament seçkilərində deputatlığa namizədliyini irəli sürsün:
“Bildiyim qədər Elza xanım bundan əvvəl də öz namizədliyini irəli sürmüşdü. Çox yaxşı şəkildə öz dəstəyini almışdı. Nəinki Elza xanım, istənilən Azərbaycan vətəndaşı qanunvericiliyə uyğun olaraq, 18 yaşından yuxarı həm aktiv, həm də passiv seçki hüququndan istifadə edə bilər. Bu mütləq lazımdır. Çünki seçkilər Azərbaycanda və dünyada demokratiyanın ölçülməsi üçün maraqlı ümummilli hadisədir. Hər kəs parlament, bələdiyyə və digər seçkilərdə fəal iştirak etməklə öz vətəndaş mövqeyini ortaya qoyur. Passiv vətəndaş olduğunu yox, aktiv vətəndaş olduğunu nümayiş etdirmiş olur. Bu baxımdanda Elza xanımın seçkilərdə fəal iştirakı arzu olunandır. Digər vətəndaşlar kimi, Elza xanımın da haqqı var ki, seçkilərdə iştirak etsin. Elza Seyidcahan Azərbaycan incəsənətində, düşüncəsində, poeziyasında kifayət qədər orjinal fikirlərə malik və mövqeyi olan bir şəxsiyyətdir. Avropanın bir çox ölkələrində, Türkiyədə və Rusiyada sənətçilərimizin, yaradıcı insanların, humanitar və müxtəlif sahələrlə məşğul olan ziyalıların seçkilərdə iştirakı arzu olunandır. Deputatlığa namizəd yalnız deputatların və ya parlamentdə olan şəxslərin alnınamı yazılıb ki, yalnız onlar namizədliyini irəli sürdürə bilərlər. Necə ki, Qarabağda həm könüllü, həm də ölkə başçımızın çağırışına əməl edərək hamımız vuruşduq. İndiki deputatların nə özləri, nə də övladları döyüşlərdə iştirak etdi. Sənətçilərimiz, könüllülərimiz və digər oğullarımız vuruşaraq Qarabağı geri qaytardılar. Demokrat döyüşündə də hər kəs özündə güc qüvvə tapırsa, həmin prosesdə mütləq iştirak etməlidir. Xüsusəndə Azərbaycanın COP29 keçirdiyi və dünyanın bütün maraqlarının toqquşduğu vaxtda seçkilərin demokratik keçirilməsi və böyük əhali kütləsini əhatə etməsi arzu olunandır. Həm beynəlxalq təşkilatlarda, həm də xarici ölkələrdə sübut edirik ki, tək Qarabağda deyil, ölkənin ictimai-siyasi sferasında da qələbələr qazanmağa davam edirik. Şəxsən mən özümdə 4 dəfə seçkilərdə iştirak etmişəm. Bu dəfə ki, seçkilərdə də iştirak etmək istəyirəm. Düşünürəm ki, bizim iştirakımız seçkilərə müsbət təsir göstərəcək”.