SOCAR-a qarşı çirkab kampaniyası: Ukraynanın davranışı "öz ayağını baltalamaq"dan başqa bir şey deyil

“Ukraynada Azərbaycan əleyhinə aparılan çirkin kampaniya xoş hadisə deyil. Çünki Azərbaycan Ukraynaya ən çox dəstək verən, hümanitar yardım göstərən ölkələrdən biridir”

Bu fikirləri “Sherg.az”a Rusiya Prezidentinin Azərbaycana səfəri və SOCAR-ın Qazpromla razılaşmasından sonra Ukrayna mediası və sosial şəbəkələrində Azərbaycana və SOCAR-a qarşı çirkin kampaniyanın başladılması ilə bağlı açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

O söyləyib ki, Ukraynada SOCAR-a qarşı olan davranış qəbuledilməzdir:

“Xüsusilə nəzərə almaq lazımdır ki, Ukraynanın müttəfiq münasibətində olduğu bir çox ölkələrin Rusiya və Qazpromla əlaqələri var. Niyə Ukrayna həmin ölkələrə deyil, Azərbaycana etiraz edir? Eyni zamanda Ukrayna savaşdan əvvəl Rusiyanın Qazprom şirkətiylə ən çox əməkdaşlıq edən ölkələrin başında gəlirdi. Yəni Rusiyadan ən çox qaz götürən ölkə olub. Ukraynanın bir çox siyasətçisi bu məsələlərlə məşğul olub, hətta rəsmi Kiyevdə bununla bağlı korrupsiya qalmaqalı da yaşanıb.  Keçmiş  Baş nazir Yuliya Timoşenkonun başına gələn hadisələri nəzərdə tuturam. Bu hadisələrə görə Ukrayna başa düşməlidir ki, Azərbaycana qarşı olan münasibət qərəzlidir və xoş hal deyil”.

Ekspert qeyd edib ki, indiki halda Azərbaycan ilə münasibətləri pisləşdirmək Ukraynaya yaxşı heç nə vəd etməyəcək:
“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri və əldə olunan razılaşmalar iki ölkə arasındakı münasibətləri özündə ehtiva edir. Azərbaycanın Ukraynaya qarşı münasibətində dəyişikliklər yoxdur. Həmçinin, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və lazımi formada hümanitar dəstəyini əsirgəmir. Belə olan halda Ukraynanın etdiyi davranış "öz ayağını baltalamaq"dan başqa bir şey deyil. Çox təəssüflər olsun ki, Kiyev rəhbərliyində təmsil olunan şəxslər arasında özünün korporativ maraqlarını Ukraynanın milli maraqlarından üstün tutan xeyli insanlar var. Həmin şəxslər Ukraynanı uçuruma aparırlar".