“Artıq Azərbaycan Silahlı Qüvvələri tərəfindən antiterror tədbirlərinin keçirilməsindən bir il ötür. Antiterror tədbirlərinin keçirilməsini səbəb və nəticə kontekstində qiymətləndirəndə görürük ki, Ermənistan və Qarabağdakı separatçı rejim 2020-ci ilin üçtərəfli bəyanatına uyğun olaraq qeyri-qanuni birləşmələrin Qarabağdan çıxarılmasını həyata keçirmədi. Eyni zamanda antiterro əməliyyatlarına zərurət yaranmasına səbəb 44 günlük müharibə nəticəsində cənubda müdafiə olunan 18-ci motoatıcı diviziyasının müharibədən sonra şəxsi heyətini və hərbi texnikasını Qarabağ ərazisinə köçürməsi oldu. Azərbaycanın hərbi-siyasi iradəsini daşdıran əsas məqamlardan biri də 2023-cü il 12 sentyabrda qeyri-qanuni separatçı rejim tərəfindən Şahramanyanın seçkilər keçirməsi və seçkilərin nəticəsində Qarabağda dövlət elan etmələri oldu. Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən dövlətin qurulması münasibətilə Qarabağ ermənilərini təbrik etməsi isə antiterror tədbirlərinin keçirilməsinə gətirib çıxardı”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında hərbi-siyasi ekspert Elxan Şıxəliyev Sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror tədbirlərinin ildönümü ilə bağlı danışarkən deyib.
O bildirib ki, ermənilər Qarabağın 500 km-ə qədər bir perimetrində fortifikasiya, mühəndis istehkam qurğuları, yeni dayaq, müşahidə məntəqələri və səngər sistemləri yaradırdılar:
“Həmin mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərini atəş altına almaqla ya şəhid edir, ya da yaralayırdılar. 2020-ci ildən 23-cü ilin 19 -20 sentyabrına qədər kifayət qədər bu faktlar baş verdi. Bunun da qarşısını Azərbaycan silahlı qüvvələri misli ilə vermişdi. Rusiya sülhməramlıları bölgəyə yeridilərkən bu qeyri-qanuni birləşmələri həmin ərazidən çıxardaraq ora yerləşməli idilər. Lakin onlar bunun tam əksinə olaraq müharibədən sonra dırnaqarası ümumqoşun ordusu olan Ermənistanın tör-töküntülərini yenidən təşkilatlandıraraq bir ordu halına gətirməyə cəhd göstərdilər. Bu mənada əməliyyatların keçirilməsinin ən riskli cəhətlərindən biri Rusiya sülhməramlılarının mövcudiyyəti idi. Rusiya sülhməramlıları bu qeyri-qanuni birləşmələrin daşımalarını həyata keçirdilər. Xüsusən də 2020-ci il 8-9 noyabrından sonrakı mərhələdə Ermənistanda istehsal olunan piyada əleyhinə minaların daşınmasını və yaratdıqları mövqelərin qarşısında bu minaların basdırılmasını həyata keçirirdilər. Ermənistan Azərbaycanın təkliflərini-birgə yaşayışı, inteqrasiyanı qəbul etmədiyi üçün və 19-20 sentyabr öncəsi qeyri-qanuni birləşmələr tərəfindən diversiyaların həyata keçirilməsi, mina basdırılması, hərbçilərimizin şəhid olması Ali Baş Komandanın antiterror tədbirlərini keçirməsinə səbəb oldu. Ermənistan Silahlı Qüvvələri 44 günlük müharibədən sonrakı mərhələdə ora daşıdığı şəxsi heyətin dəstəyi vasitəsilə və kənar qüvvələrin terroristləri bölgəyə cəlb etməsi ilə orada 18000-ə yaxın əli silahlı qeyri-qanuni birləşmələrin üzvü halında bir qruplaşma yaratmışdılar. Bu qruplaşmanın vasitəsilə 406 kvadrat kilometr ərazini nəzarətdə saxlayırdılar”.
Ekspert qeyd edib ki, antiterror tədbirlərinin başlayanda Azərbaycan Silahlı Qüvvələrinin əsas hədəfləri 12 ədəd hava hücumundan müdafiə sistemləri, 30 ədədə yaxın radioelektron mübarizə vasitələri və onların yerləşmə məntəqələri, 17 silah-sursat və yanacaq anbarı, 70-dən çox yeraltı sığınacağın mövcudluğu, 45 daimi dislokasiya və komanda məntəqəsi, 11 təlim-tədris mərkəzi idi:
“Azərbaycan Silahlı Qüvvələri çox qısa bir zamanda cənubdan beş, şimaldan da səkkiz istiqamətdə kiçik xüsusi təyinatlı qruplar, komanda briqadalarının və xüsusi təyinatlılarımızın qrupları ilə 24 saat tamamlanmadan 18000-ə yaxın əlisilahlı qeyri-qanuni birləşmələrin ağ bayraq qaldırılmasına və hərbi hədəfləri nəzarətə götürməyə nail oldular. Nəticə etibarilə Silahlı Qüvvələrimizin nəzarətinə 1731-ə yaxın müxtəlif texnika və artilleriya, hava hücumundan müdafiə və avtomobil qurğuları keçdi. Bununla bərabər sıradan çıxarılan 8 ədəd tankları, 22 artilleriya sistemləri və kifayət qədər arsenalları var idi. Antiterror tədbirləri nəticəsində Azərbaycan özünün strateji, hərbi-siyasi hədəflərinə nail oldu. Yəni Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Eyni zamanda qeyri-qanuni birləşmələrin və separatçı rejimin rəhbərləri də nəzarətə götürüldü. Təbii ki, buna nail olmağımızın dörd əsas komponenti var. Birincisi, cənab Ali Baş Komandanın strateji vizionu, strateji siyasi qərarlılığı, antiterror tədbirlərinə bölmələrin hazırlanmasına verilən direktivləri və xüsusən də antiterror tədbirlərinin beynəlxalq humanitar hüquqa uyğun olmasıdır. Antiterror əməliyyatları nəticəsində bir nəfər erməni mülki əhalinin burnu qanamadı. Buna görə Azərbaycana sanksiyalar tətbiq etmək üçün pusquda duran dövlətlər vardı. İkinci komponent xalqımızın 44 günlük müharibədə və antiterror tədbirləri nəticəsində informasiya cəbhəsində dəstək idi. Üçüncü səbəbə gəldikdə isə bu Silahlı Qüvvələrimizin, bütün güc strukturlarında olan xüsusi təyinatlılarımızın antiterror tədbirlərində iştirakı və döyüş tapşırıqlarını tamamilə yerinə yetirmələri idi. Son komponent isə antiterror tədbirlərinin keçirilməsindən öncəki və sonrakı mərhələdə siyasi, mənəvi dəstək verən dost ölkələr oldular. Ona görə antiterror əməliyyatları ərazi bütövlüyümüzün, suverenliyimizin və konstitusiya quruluşumuzun bərpasına gətirən bir əməliyyatlar kimi hərb tarixində qalacaq. Azərbaycan Silahlı Qüvvələrinin hərbi hədəfləri nöqtə zərbələri ilə pilotsuz uçuş aparatları ilə vurması, Xüsusi Təyinatlı Qüvvələrin xüsusi əməliyyatları ilə bir mülki şəxsin də belə zərəri olmadan keçirilməsi və 24 saat başa çatmadan nəticələnməsi də antiterror tədbirləri keçirən ölkələrin beyin mərkəzləri tərəfindən mütləq incələnir və incələnəcək. Azərbaycan çox qürurludur. Müxtəlif zamanlarda qarşımızdakı bu mənfur qonşu ilə mübarizəmiz itkisiz ötüşmədi. Amma xalqımızın başının dik olması səbəbi ilə həyatını itirən və yaralanan şəxslər hərb tariximizdə Azərbaycana suverenliyini qazandıran, konstitusiya quruluşunu bərpa edən hərbçilər kimi qalacaqlar”.