Aydın Sezer: Gizli görüşü Türkiyə-Ermənistan müzakirələrinin...

Ötən həftə Türkiyənin Ermənistanın Axurik kəndi ilə həmsərhəd olan Akyaka kəndində Ermənistan və Türkiyə xarici işlər nazirləri müavinlərinin gizli görüşü baş tutub. Belə bir iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib. Nəşr öz mənbəsinə istinadla yazıb ki, 10 nəfərlik Ermənistan nümayəndə heyətinə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və turizm sektorunun rəsmiləri də daxil imiş. İddia edilib ki, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə olunub. Gümrü-Qars dəmir yolunun “Axurik” buraxılış məntəqəsi Axurik kəndindən təxminən 1,5 km aralıda yerləşir. Vaxtilə Gümrü-Qars dəmir yolu ilə həm sərnişin, həm də yük qatarları hərəkət edib. Ermənistanın şimal-qərbində yerləşən həmin keçid məntəqəsi 1993-cü ilə qədər fəaliyyət göstərib. Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasının Ermənistan-Azərbaycan sülh prosesindən asılı olduğunu bəyan edib.

Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a vurğulayıb ki, belə bir toplantının baş tutub-tutmaması haqqında dəqiq fikir söyləmək çətindir:

“Çünki türk mediasında bununla bağlı heç bir xəbər yayımlanmayıb. Amma görüşün olma ehtimalı var. Bildiyimiz kimi sərhəd qapıları açıldığında sadəcə üçüncü ölkə vətəndaşları giriş-çıxışına icazə veriləcək. Dolayısı ilə texniki düzənləmələr formasında belə görüşmə baş tutmuş ola bilər. Həmin görüşün baş tutmasını Türkiyə-Ermənistan arasında müzakirələrin davam etməsinə dair mesaj kimi də qiymətləndirmək olar. Lakin regional toplantı olduğuna görə siyasi məsələlərin müzakirə olunduğunu düşünmürəm. Düzdür, Türkiyə Ermənistanla sülh məsələsini Azərbaycanın razılığına buraxıb. Amma bu Türkiyə və Ermənistan arasında görüşlərin olmayacağı anlamına gəlmir. Müzakirələr aparılacaq və yekun siyasi qərar Azərbaycanla birlikdə veriləcək. Ümumiyyətlə Amerika Birləşmiş Ştatlarında prezident seçkilərindən sonra Türkiyənin xarici siyasətində köklü dəyişikliklər gündəmə gələ bilər. Məsələn, bunun Türkiyənin Suriya, İsrail siyasətilə bağlı olma ehtimalı var. Ötən günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidan Güney Kıbrıs yönəticiləri ilə bir araya gəldilər. Dolayısıyla Türkiyə Ermənistana yönəlik siyasətini həmin müddətdə fərqli şəkildə ələ ala bilər”.