Ermənistan, Fransa, İran, Hindistan son nöqtəni görmək istəmir
İrəvan Aİ-nin "mülki müşahidəçi"lərinin mandatının vaxtını uzatmağa çalışır
Ermənistan-Azərbaycan sərhədində müşahidə fəaliyyəti həyata keçirən Avropa İttifaqı (Aİ) missiya başa çatdıqdan sonra 200-dən çox "mülki müşahidəçi"nin orada qalıb-qalmayacağı hələlik məlum deyil. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib ki, yekun qərar yoxdur. Diplomat İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib. Bildirib ki, missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb: "Amma bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur". Qeyd edək ki, Aİ missiyasının fəaliyyət müddəti gələn ilin fevralında başa çatacaq.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının yekun nəticəsi olmasa da, hər iki tərəfin XİN sözçüləri bu istiqamətdə irəliləyişlərin olduğunu vurğulayırlar. Ekspert vurğulayıb ki, hətta sülh müqaviləsinin 80 faizinin razılaşdırıldığı da qeyd olunur:
"Bütün bunlara baxmayaraq, Ermənistan Fransa, İran, Hindistan və Rusiya tərəfindən müasir silahlarla təchiz edilir. İrəvan mümkün qədər vaxt udmaq siyasətini yürüdür. Bu, çox yanlış və perspektivsiz cəhddir. Böyük ehtimal Ermənistan çalışacaq ki, Avropa İttifaqının sərhəd bölgələrində yerləşən "mülki müşahidəçi"lərinin mandatının vaxtının uzadılmasına nail olsun. Müşahidəçilərin sayı 138 nəfərdən 210-a çardırılıb. Perspektivdə bu rəqəmin 600-ə qədər artacağı gözlənilir. Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə nümayəndəsi Cozef Borrel də bununla bağlı müsbət fikrini bildirib. Aİ-nin missiyasının uzadılmasından Rusiya tərəfi də narahatlığını ifadə etməkdədir. Rusiya təbii olaraq gələcəkdə özünün bölgədən tamamilə sıxışdırılıb çıxarılacağından narahatdır və bunu açıq dilə gətirir".