COP29 çərçivəsində “İqlim Fəaliyyəti naminə Bakı Su Dialoqu” rəsmi olaraq başlanıb və ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib.
“Bakı Su Dialoqu” platforması iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək.
COP29 Prezidentliyi bütün tərəfdaşları bu bəyannaməyə qoşularaq təşəbbüsü dəstəkləməyə dəvət edib.
Mövzu ilə bağlı danışan ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov “Sherg.az”a bildirib ki, Bakı, Su və İqlim bəyannaməsinin əsas məqsədi planetimizdə olan quraqlıq, su və ərzaq çatışmazlığı, transsərhəd əsaslı idarəetmə problemlərinin yüksək səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır:
“Bu bəyənnaməni müxtəlif təşkilatlar, ölkələr, dövlətlər və maraqlı tərəflər imzalayacaq. Hələ ki, imzalayacaq ölkələrin və təşkilatların sayı haqqında dəqiq məlumat yoxdur. Lakin bilirəm ki, Almaniya, ABŞ və digər böyük ölkələrin bu bəyənnaməni dəstəkləyəcəyi gözlənilir. Bilirik ki, planetimiz transsərhəd su problemləri, su ilə bağlı olan böyük fəlakətlər, su çatışmazlığı, su mənbələrinin çirklənməsi kimi problemlərdən çox əziyyət çəkir. Bu səbəblə əlaqəli hesab olunur ki, su mənbələrinin qorunması, səmərəli istifadə, sudan istifadənin dayanıqlı inkişaf modellərinin tapılması kimi məsələlər çox vacibdir. Həmin məsələlər tezliklə öz həllini tapmalıdır. Məhz bu müddəalardan çıxış edərək həmin bəyənnaməni imzalayan tərəflər belə bir təşəbbüsü irəli sürürlər. Hesab edirəm ki, bu ictimaiyyətin diqqətini özünə cəlb edəcək, su ilə bağlı problemlərin həllinə beynəlxalq təşkilatların, iri dövlətlərin yardımını daha da artıracaq. Həmçinin milli, regional, yerli və icmal səviyyələrində su problemlərinin həllinə təkan verən müxtəlif layihələrin işlənilməsinə şərait yaradacaq”.