Üçüncü dünya müharibəsi Rusiyanın NATO ölkələrinə zərbələriylə başlaya bilər -ŞƏRH

Dünya Üçüncü Dünya müharibəsinin astanasındadır. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko bildirib ki, son vaxtlar çox danışırıq ki, Üçüncü Dünya müharibəsi başlamasın. Sadəcə olaraq bu dəhşətli hadisə ərəfəsindəyik. Amma şükür Allaha, bəşəriyyət nədənsə hələ də ləngiyir və hələ bu Üçüncü Dünya müharibəsinə qərq olmayıb. 

Politoloq Fərhad Məmmədov “Sherg.az”a söyləyib ki, üçüncü Dünya müharibəsi mövzusunu Rusiya 2022-ci ildən dünyada yeritmək istəyir:

“Rusiya Ukraynada müharibənin miqyasını artırıb və savaşı tez bir zamanda öz xeyrinə yekunlaşdırmaq niyyətindədir. Hazırki eskalasiyanı da Üçüncü dünya müharibəsi kimi qələmə verirlər. Bunun əsas məqsəd Tramp administrasiyasıyla gələcək danışıqlarda mövqeylərinin gücləndirilməsindən ibarətdir. Artıq Donald Tramp bəyan edib ki, hazırda dünyada olan müharibələri sonlandırmaq istəyir. Bayden administrasiyası isə eskalasiya həddini artıraraq Trampın təşəbbüslərinin həyata keçirilməməsinə çalışır. Ukraynaya Bayden tərəfindən uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmaq icazəsinin verilməsi buna misaldır. Rusiya da danışıqlara hazırlıq dövründə eskalasiya səviyyələrini artırır. Belə hadisələr 2025-ci ilin 20 yanvarına qədər bu cür davam edəcək. Donald Trampla danışıqlarından sonra vəziyyətin hansı səviyyədə davam edəcəyini görəcəyik. Üçüncü dünya müharibəsi Rusiyanın NATO ölkələrinin ərazilərinə zərbələr endirməsiylə başlaya bilər. Çünki həmin zaman NATO Rusiyaya cavab verəcək və qarşıdurma yaranacaq”.