Paşinyan reallığı anlayır, lakin "Ermənistanın ipinin ucu" öz əlində deyil -ŞƏRH

Hesab edirəm ki, indiki mərhələdə Avropa Birliyinin (AB) Ermənistan ərazisindən müşahidəçilərini geri çəkmək istəməyəcək. Bu sözləri rusiyalı analitik Vladimir Yevseyev erməni mediasına açıqlamasında deyib. O bildirib ki, Ermənistan Baş naziri Paşinyanın AB müşahidəçiləri məsələsində Rusiyanın mövqeyi ortaya qoyulanda bunu suverenliyi ilə əsaslandırması, ancaq Azərbaycana gələndə bunu müzakirə etməyə hazır olduğunu bildirməsi “qəribədir”. Politoloq Paşinyanın AB müşahidəçilərinin demarkasiya olunmuş ərazilərdən çıxarılmasının mümkünlüyü barədə açıqlamasını da şərh edib. O, söyləyib ki, sərhədlərin demarkasiyası müsbət haldır və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ancaq İrəvanın AB müşahidəçilərini demarkasiya olunmuş ərazidən çıxarmaq təklifi əslində müşahidəçiləri saxlamaq cəhdidir, çünki demarkasiya prosesi çox uzun vaxt aparacaq. 

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Paşinyanın demarkasiya, delimitasiya olunan sərhəd hissələrində Avropa müşahidəçilərinin saxlanılmasına gərək olmadığını bildirməsi müsbət haldır:

“Yəni Nikol Paşinyan bununla Azərbaycana söyləmək istəyir ki, sərhəd məsələsi həll olunacağı təqdirdə üçüncü tərəflərin aramızda dayanmasına ehtiyac qalmayacaq. Bu addımı müsbət qarşılamaq lazımdır. Azərbaycan xeyli müddətdir Ermənistana başa salmağa çalışır ki, üçüncü tərəflərin müdaxiləsi iki ölkə münasibətlərinin normallaşmasına əngəl törədir. Ermənistan tərəfi, xüsusilə də Nikol Paşinyan bunu anlayır. Lakin onun problemi həll edə bilməməsinin səbəbi Ermənistanın ipinin ucunun öz əlində olmamasıdır. Yəni Ermənistan Azərbaycan kimi müstəqil qərar verə bilmir. Azərbaycan isə dövlət olaraq qərarlarını özü verir və kimnənsə asılı deyil. Ümumiyyətlə Ermənistan hazırki şəraitdə Fransa başda olmaqla müəyyən Qərb dövlətlərindən asılıdır. Ona görə də Nikol Paşinyan həmin müşahidəçiləri ərazidən çıxarmaqla bağlı qərar verəndə Qərb dairələri onun ipini çəkirlər. Paşinyan isə belə açıqlamalar verməklə Azərbaycana xoşməramlı olduğunu göstərmək istəyir. Delimitasiya və demarkasiya prosesi nə qədər tez həyata keçirilsə, Ermənistandan da Avropa müşahidəçiləri o qədər sürətlə çıxıb gedəcəklər. Əslində müşahidəçilərin həmin ərazidə olması Azərbaycana heç bir şey etmir. Sadəcə onlar gəlib sərhəddə binoklla suveren ərazilərimizə baxmaqla könlümüzü bulandırırlar”.