Parlamentari: Təhlükəsizlik üçün hüquqi baza yaranır

Dəyişikliklər diplomatlarımızın peşəkar fəaliyyətinə stimul verəcək

 Milli Məclisə “Diplomatik xidmət haqqında” qanun layihəsi daxil olub.
Qanun layihəsi ötən gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə iclasında müzakirə olunub.
5 fəsil, 31 maddədən ibarət qanun layihəsinə əsasən, diplomatik xidməti orqanı əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və diplomatik xidmət əməkdaşlarının attestasiyası həyata keçiriləcək.
Sənəd layihəsinə əsasən, ilk dəfə daimi diplomatik xidmətə qəbul olunan Azərbaycan Respublikasının vətəndaşı vəzifəsinin icrasına başlamazdan əvvəl aşağıdakı məzmunda and içir. And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

Sözügedən qanun layihəsi ilə bağlı “Sherg.az"a danışan millət vəkili Nigar Məmmədova diplomatik nümayəndəliklərin təhlükəsizliyinin, onların sosial müdafiəsinin təmin edilməsinin dövlətin əsas prioritetlərindən biri olduğunu xatırladıb: 
“Diplomatik xidmət haqqında” qanun da öz növbəsində diplomatlarımızın daha səmərəli fəaliyyəti, onların təhlükəsizliyinin təmin olunması üçün hüquqi baza yaradır. Diplomatlarımızın təminatı, onların səmərəli fəaliyyəti həm də ölkənin xarici siyasətinin yüksək səviyyədə təşkilinə əlavə töhfədir. Azərbaycan diplomatları peşəkar, vətənpərvər, müsbət təşəbbüslərə, dialoqa, əməkdaşlığa, yeniliyə açıq olmaları ilə fərqlənirlər. Azərbaycan reallıqlarının dünyaya çatdırılmasını əsas vəzifə kimi icra edən diplomatlarımız mövcud çağırışlar qarşısında çeviklik göstərir, adekvat təşəbbüslər irəli sürür, dövlətin uğurlu təmsilçiliyi üçün əlindən gələni əsirgəmirlər. Dəyişikliklər diplomatlarımızın peşəkar fəaliyyətinə stimul verəcək”.