Hökumətin əsas vəzifələrindən biri inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq
"Büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində görülən tədbirlər nəticəsində “Açıq Büdcə İndeksi-2023” hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşıb (125 ölkə arasında 23-cü yerdədir) və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olub. Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib. Baş nazir qeyd edib ki, yeni büdcə mexanizminin tətbiqi ilə bağlı mövcud qanunvericilik sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir: "Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqinə, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlara 2025-2028-ci illər ərzində əlavə sosial-humanitar bölmələrin də cəlb edilməsi nəzərdə tutulur. Publik hüquqi şəxslərin sahəvi sayının və strukturunun optimallaşdırılması və əməkhaqqı sisteminin vahid yanaşma əsasında təkmilləşdirilməsi nəzərdə tutulur. Bir sözlə, büdcə vəsaitlərinin qənaətli və təyinatı üzrə istifadəsinə nəzarət və effektivlik artırılacaq".
Hədəf balanslaşdırılmış büdcə, dayanıqlı iqtisadi artımdır
Baş nazir Əli Əsədov deyib ki, hökumətin əsas vəzifələrindən biri inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq: “Büdcə qaydası makroiqtisadi dayanıqlığı, büdcə intizamını, Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin edir və onun illik əməliyyat hədəflərinə İqtisadi Şurada büdcə müzakirəsi zamanı baxılır. Ümumiyyətlə, qaldırılan bir çox sosial-iqtisadi, monetar və fiskal siyasət, dövlət borcu, makroiqtisadi siyasətin koordinasiyası və digər məsələlərə İqtisadi Şuranın illik Fəaliyyət Planına uyğun olaraq baxılır, müvafiq qərarlar qəbul olunur və aidiyyəti üzrə razılaşdırılır. Növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri “balanslaşdırılmış büdcə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin” təmin edilməsi olacaq”.
"Makro-fiskal proqnozlarda pessimist ssenarilərin qarşısının alınması üçün tədbirlər nəzərdə tutulur"
Əli Əsədov vurğulayıb ki, makro-fiskal proqnozlarda risklərin baza, optimist və pessimist ssenarilərdə qiymətləndirilməsi aparılır və qarşısının alınması üçün tədbirlər nəzərdə tutulur. Baş nazir deyib ki, büdcə qaydası makroiqtisadi dayanıqlığı, büdcə intizamını, Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin edir və onun illik əməliyyat hədəflərinə İqtisadi Şurada büdcə müzakirəsi zamanı baxılır: “Ümumiyyətlə, qaldırılan bir çox sosial-iqtisadi, monetar və fiskal siyasət, dövlət borcu, makroiqtisadi siyasətin koordinasiyası və digər məsələlərə İqtisadi Şuranın illik Fəaliyyət Planına uyğun olaraq baxılır, müvafiq qərarlar qəbul olunur və aidiyyəti üzrə razılaşdırılır”.
"Hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir"
Baş nazir qeyd edib ki, ənənəvi olaraq hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir: "Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20.6 faizini təşkil edir".
Ə.Əsədov vurğulayıb ki, hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini verib. Baş nazir deyib ki, dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda orta illik inflyasiya 2 faiz, illik inflyasiya isə 4.4 faiz olub: “Hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub”.
"İkinci qaz xəttinin Türkiyədən Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir"
Baş nazir Əli Əsədov deyib ki, Prezidentin tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvanın qaz təminatı yerinə yetirilir. Baş nazir deyib ki, Naxçıvanda bu gün qaz təminatı 100 faizdir: “Buna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci xəttin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir”.