Suriyada atılan bütün addımlar Türkiyə rəhbərliyi ilə razılaşdırılır - Siyasi şərhçi

Kürdlərin Suriya hökuməti təmsilçiliyində iştirakı mümkün olmayacaq

Suriyanın yeni lideri, “Heyət Təhrir əş-Şam” birliyinin rəhbəri Əhməd əş-Şara PKK/YPG nümayəndələri ilə görüşüb. Məlumata görə, bu, Şaranın PKK nümayəndələri ilə ilk görüşü olub. Görüşdə terror təşkilatının gələcəyi ilə bağlı müzakirə aparılıb. Tərəflər qarşıdakı dövrdə bu müzakirələri davam etdirməklə bağlı razılaşıblar. Qeyd edək ki, Şara bazar günü televiziyaya verdiyi müsahibədə Suriyadakı kürd qüvvələrinin də orduya inteqrasiyası lazım olduğunu ifadə edərək deyib ki, silahlar yalnız dövlətin əlində olmalıdır: “Silahlı və Müdafiə Nazirliyinə daxil olmaq istəyən hər kəsi məmnunluqla qarşılayacağıq”.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Suriyada atılan bütün addımlar Türkiyə rəhbərliyi ilə razılaşdırılır. 

Ekspert vurğulayıb ki, Türkiyədəki terrorçu ünsürləri hərbi əməliyyatlar keçirmədən, qansız, itkisiz şəkildə PKK və PYD-nin varlığına son qoymağa, onların əlindəki silahların Suriya hökumətinə təhvil verilməsinə hesablanıb: 

"Əgər Suriyada PKK və PYD-yə qarşı hərbi əməliyyatlar keçirilsə, bundan sonra kürdlərin Suriya hökuməti təmsilçiliyində iştirakı mümkün olmayacaq. Ona görə də kürdlər silahı yerə qoyub Suriya hökumətində təmsil olunmağa çalışırlar. Bunun yolu da yeni hökumətlə danışıqlardan keçir. Əks halda silahlı qruplaşmaların Suriya və Türkiyə ordusu qarşısında tab gətirməsi qeyri-mümkündür. Proses Türkiyə rəhbərliyinin nəzarəti altında irəliləyir və düşünürəm ki, uğurlu olacaq".