Analitik: Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə, öz ərazisində yol çəkə bilər

Ermənistanın Tavuş vilayəti istiqamətində yeni ərazilərin sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində Azərbaycana təhvil verilməsi gözlənilir. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Nəşrə danışan Tavuşun sərhəddə yerləşən Kirants kəndinin sakini Andranik Nazaryan deyib ki, proses çərçivəsində Kirants-Voskepar bölgəsində yeni ərazilərin verilməsinə hazırlıq görülür.  Burada söhbət bizim üçün strateji əhəmiyyətə malik “Qızıl üçbucaq” adlanan ərazidən gedir. Həmin bölgədəki ərazilər Azərbaycana təhvil verilərsə, oradan keçən qaz kəməri də Bakının nəzarəti altına düşəcək. Ötən il baş tutan demarkasiya prosesi zamanı “Vətən üçün Tavuş” hərəkatının iştirakçıları çox aktiv idilər, buna qarşı çıxırdılar. Əhali indi də qətiyyətlidir, boş oturmaq istəmirlər, etiraz etməyə və mübarizə aparmağa çalışırlar. Lakin bizim çox ciddi lider problemimiz var, mübarizəyə rəhbərlik edəcək kimsə yoxdur. A.Nazaryan konkret hansı ərazilərin təhvilinə hazırlıq getdiyini açıqlamasa da, onların Azərbaycana məxsus anklavlar – Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri olduğu ehtimal edilir. Qeyd edək ki, ötən il baş tutan demarkasiya prosesi çərçivəsində Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib.

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Ermənistanda hansısa kənddə kiminsə nəsə deməsinin o qədər də əhəmiyyəti yoxdur:

“Çünki məsələ ən yüksək formada dövlətlərarası münasibətlər çərçivəsində həll olunur. Proses yetərincə sakit və təmkinli tərzdə davam edir. Voskepar kənd ərazisinin Azərbaycana verilməsi dedikdə söhbət Ermənistandan Gürcüstana gedən yolun həm də Azərbaycanın nəzarətinə düşməsindən gedir. Məsələ ondan ibarətdir ki, onlar Sovet dövründə sözügedən yolu bizim ərazimizdən keçiriblər. Həmin vaxt vahid dövlət olduğuna görə həmin ərazinin Azərbaycana və yaxud Ermənistana aid olduğunu düşünməyiblər. İndi isə torpaqlarımızın bir hissəsini işğal ediblər. Həmin kəndləri geri qaytarmaq Ermənistanın öhdəliyidir. Sərhədin dəqiqləşdirilməsi prosesi gedərkən Ermənistan qanunsuz şəkildə nəzarətdə saxladığı torpaqlardan çəkiləcək. Ümumiyyətlə, qaz kəməri və yaxud hansısa kommunikasiyalar olmağının fərqi yoxdur, Azərbaycan öz torpaqlarına nəzarət etməlidir. Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə, öz ərazisində yol çəkə bilər. Ona gör də deyilən sözlərə əhəmiyyət verməyə dəyməz. Heç kim ortalığı qarışdırıb qanqaraldıcılıqla məşğul olmasın. Ermənistan və Azərbaycan dövləti yüksək səviyyədə məsələləri razılaşdırırlar”.