Təxminən bir həftə əvvəl Baş nazir Nikol Paşinyanın sözçüsü Ermənistan rəhbərinin yanvarın 20-də Davosda başlayan Dünya İqtisadi Forumunda iştirak edəcəyini açıqlamışdı. Forum bu il “Ağıllı dövr üçün əməkdaşlıq” devizi altında keçirilir. Beynəlxalq tədbir yanvarın 24-dək davam edəcək. Bu barədə məlumatı “Past” yazıb. Erməni nəşri bildirir ki, forumda 350-dən çox hökumət, o cümlədən 60 dövlət başçısının iştirakı planlaşdırılır. ABŞ Prezidenti Donald Tramp videobağlantı vasitəsilə foruma qoşulacaq. Azərbaycan Prezidenti İlham Əliyevə də dəvət göndərilib. Əliyev dünən Davosa gedib, onun artıq müxtəlif ölkələrin liderləri ilə görüşləri olub. Almaniya Kansleri Olaf Şoltsla görüşdə Azərbaycan təyyarəsinin vurulması ilə bağlı aparılan araşdırmaların gedişi, Bakı-Berlin münasibətləri, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri və digər məsələlər müzakirə olunub. Şolts Almaniyanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması səylərini dəstəklədiyini bildirib. Bu gün yanvarın 22-dir, Paşinyan hələ getməyib, onun gedib-getməməsi ilə bağlı rəsmi məlumat yoxdur. Əslində, Paşinyan Davosa getməkdən, “sevimli” Qərbin nümayəndələri ilə görüşlərdən imtina edir. Yeri gəlmişkən, Davosda Paşinyanla Əliyev arasında görüş ola biləcəyi ilə bağlı xəbər yayılmışdı. Görünür, Ermənistan baş naziri Davosa həmin görüşdən yayınmaq üçün getmir”.
Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a bildirib ki, Ermənistan Baş naziri Niko Paşinyanın Davosa getməməsinin bir neçə səbəbi ola bilər:
“Birincisi, ölkə daxilində siyasi qeyri-sabitliyin mövcudluğu fonunda Nikol Paşinyan narahatlığı səbəb ola bilər. İkincisi isə bundan bir neçə gün öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya getməsi və rusiyalı həmkarı Sergey Lavrov ilə görüşməsidir. Həmin görüş zamanı münasibətlərin gərginləşməsinin qarşısını almaq naminə razılıqların əldə olunması mümkündür. Məsələn, Rusiya tərəfindən Ermənistanın Davosda təmsil olunmaması irəli sürülə bilər. Yəni Rusiya Nikol Paşinyan və Qərb liderlərinin görüşməsinin qarşısını almağa çalışması ehtimalı var. Digər tərəfdən isə həqiqətən də Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən çəkinə bilər. Xatırlatmaq lazımdır ki, müharibə başlamazdan əvvəl Davos İqtisadi Forumunda İlham Əliyev Paşinyan ilə debatında onu mat vəziyyətə salmışdı. Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına qarşılıq olaraq İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” deməklə onu susdurmuşdu. Mümkündür ki, həmin hadisənin siyasi tramvası hələ də Paşinyanın canından çıxmayıb. Onsuz da Ermənistan konkret xarici siyasətə malik deyil və Nikol Paşinyanın siyasətçi kimi addımlarını proqnazlaşdırmaq çətindir. Ermənistan müstəqil deyil və ona qarşı təsir etmək çox asanddır. Belə olan halda Ermənistan rəsmilərinin, xüsusilə də Nikol Paşinyanın bu gün verdiyi bəyanatı sabah pozması normal haldır”.