Əgər sözügedən suallar siyasi rəhbərliyi ünvanlansa, təəccüblü olmazdı və anlayışla qarşılanardı
Hərbi və siyasi məsələləri qarışdırmayın. Bunu Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərə açıqlamasında deyib. Asryan bildirib ki, silahlı qüvvələr yerində dayanmır, onlara verilən tapşırıqlar hazırda sərhəddə olan çağırışçı əsgərlərimiz tərəfindən yerinə yetirilir, müqaviləli əsgərlər isə öz tapşırığını yerinə yetirirlər. Demarkasiya və delimitasiya nəticəsində Azərbaycan Ordusunun Cermuka bitişik əraziləri tərk edəcəyi ilə bağlı verilən sualı Asryan belə cavablandırıb. Həmçinin qeyd edib ki, mən bu suala cavab verə bilmərəm, demarkasiya və delimitasiya komissiyası məhz buna görə mövcuddur. Demarkasiya və delimitasiya işlərinin nəticələrini izləyəcəyik, onlar hər şeyi göstərəcək.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Edvard Asryanın dedikləri ağıllı yanaşma kimi təqdim oluna bilər. Çünki ,o, bir hərbiçidir:
“Hərbiçinin də vəzifəsi Ali Baş Komandanın əmr və tapşırıqlarını müzakirəsiz yerinə yetirməkdir. Edvard Asryana verilən siyasi yönümlü sual əslində düzgün istiqamətə ünvanlanmayıb. Yəni Asryan həmin suallara cavab verəcək vəzifəyə sahib deyil. Həmin suallara cavab verəcək tərəf Ermənistanın siyasi rəhbərliyidir. Əgər sözügedən suallar siyasi rəhbərliyi ünvanlansa, təəccüblü olmazdı və anlayışla qarşılanardı. Bir jurnalistin səlahiyyət çərçivəsinə aid olmayan məsələ ilə bağlı hansısa vəzifəli şəxsə sual ünvanlaması naşılıqdır. Yəni həmin sualı ünvanlayan jurnalist əvvəlcədən bilməli idi ki, demarkasiya kimi məsələlərlə bağlı hərbiçi məşğul olmur. İndiki halda bəllidir ki, Azərbaycan və Ermənistan arasında Sərhədlərin Delimitasiyası üzrə Dövlət Komissiyası mövcuddur. Azərbaycandan komissiyanın sədri Şahin Mustafayev, Ermənistandan isə Mher Qriqoryandır. Hər iki kəsin rəhbərliyi altında komissiya fəaliyyər göstərir və komissiya nə qərar verəcəksə, hərbiçilər ona uyğun davranacaqlar”.