Sabunçu rayonunda 209 bina qəzalıdır - MİLLƏT VƏKİLİ

Sakinlər problemə əncam çəkilməsini gözləyirlər

“Sabah hansısa hadisə baş verəndə sonradan peşmançılığını çəkməyək deyə indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik”

"Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər". Bunu Milli Məclisin dünənki iclasında Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər. Z.Oruc bildirib ki, hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur: “Mənzil fondunun yenilənməsi alqışalayiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər. Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır. Sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılmalı, rəsmən qeydiyyatdan keçərək binanların idarəetmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir. İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhdəliklərinə tələb və meyarlar yoxdur".

"Vəsait olmadığına görə Sabunçuda qəzalı binalarla bağlı akt tərtib edilmir"

Millət vəkili Fazil Mustafa deyib ki, Sabunçu rayonu və Bakıxanov qəsəbəsində təqribən 209 qəzalı bina mövcuddur, onlardan 47-nin qəzalı vəziyyətdə olduğunu təsdiq edən akt tərtib edilib. Deputat bildirib ki, vəsait olmadığı üçün digər binalarla bağlı belə akt tərtib edilməyib: “Qəzalı vəziyyətdə olan 2 və 3 mərtəbəli 174 binanın sakinləri bu məsələyə əncam çəkilməsini gözləyir. Sabah hansısa hadisə baş verəndə sonradan peşmançılığını çəkməyək deyə indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik. Məsələnin həlli sahibkarların bu işə cəlb olunmasıdır. Amma bu, stimullaşdırılmalıdır. Digər tərəfdən, hazırda qəzalı binaların sakinlərinə hər kvadratmetr üçün 1300 manat verirlər. Üçotaqlı mənzildə yaşayan vətəndaş gedib belə ev ala bilmir. Çünki ona verilən 80-100 min manat, amma bazarda real qiymət 200 min manatdır. Məcbur olub şəhərətrafı yerlərdə özlərinə qanunsuz tikinti aparıb, yaşayış evləri tikirlər”. Deputat binaların zirzəmisinə yığılan qrunt sularına da diqqət çəkib: “Bu məsələdə də abadlıq işlərinin aparılması vacibdir”.

"Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur" 

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, danaların, quzuların kəsilməsi üçün yaş həddi müəyyənləşməlidir. Deputat bildirib ki, son illər iri və xırdabuynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb: “Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanların yetişdirilməsində maraqlıdır. Bu, düzgün seçimdir. Ancaq 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”.

"Gəncədə xəstəxana tikilib, hazırdır, amma istifadəyə verilmir"

Deputat Naqif Həmzəyev bildirib ki, Gəncə şəhərinin Şəmkir rayonu istiqamətində girişində böyük xəstəxana kompleksi tikilib və lazımi tibbi avadanlıqlarla təchiz edilib, amma hələ də həmin müəssisə istifadəyə verilməyib: “Onsuz da Gəncə şəhərində fəaliyyət göstərən tibbi müəssisələrdə sıxlıqdır. Çünki tək Gəncə deyil, Qərb regionunda yaşayan vətəndaşlarımız da bu xəstəxanaların xidmətlərindən istifadə edirlər. Qeyd etdiyim tibb kompleksini istifadəyə verə bilsək, hətta onun bazasında Gəncə Dövlət Universitetinin tibb fakültəsini də aça bilərik. Bu məsələnin araşdırılması, dövlətimiz və vətəndaşlarımız üçün faydalı ola biləcək şəkildə reallaşmasına dəstək olmanızı xahiş edirəm”.