3 gəncin ölümü: Ərşad Hüseynov toy kortejlərini “mənasız və təhlükəli mərasim” adlandırdı

 Toy karvanı 3 gəncin həyatına son qoydu. Hadisə Gürcüstanda azərbaycanlıların sıx məskunlaşdığı Marneuli rayonunda, Baydar kəndi yaxınlığında baş verib. Yerli mediada yayılan məlumata görə, qəzaya səbəb toy korteji ilə hərəkət edən avtomobillərin sürücüləri sürəti artıraraq maşınları bir-biriylə yarışdırıblar. Nəticədə avtomibillərdən biri aşıb. Avtomobildə olan Üfiq Bədəlov və Ümid Adıgözəlov qəza yerində həlak olub. Qəzada xəsarət alan şəxslərdən digəri - 24 yaşlı Sənan Şərifov isə Tbilisidəki xəstəxanalardan birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hələ bir neçə gün əvvəl toy zamanı bəzən ailənin faciə ilə üzləşməsi, buna görə bəzən toyun təxirə salınması, bəzənsə gənclərin ailə həyatı qurduqları ilk gün bədbəxtlik yazılmasın deyə faciənin gizlədilməsi hallarının olması barədə yazmışdıq. Və sovet illərində Ağdam rayonu “Lenin” adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın qızının toyunda oğlunun facili şəkildə həyatını itirməsi, lakin bu iradəli qadının toyu saxlamadığını xatırlatmışdıq. Kimsə istəməz ki toy vaya dönsün. Amma burada ailə üzvlərinin üzərinə də böyük məsuliyyət düşür. Toy karvanlarında avtomobillərin yüksək sürətlə hərəkət etməsi, yol hərəkəti qaydalarını pozaraq həm özlərinə, həm də ətrafdakı avtomobillərə, piyadalara təhlükə yaratdığı dəfələrlə deyilib, bu cür əməllərdən çəkinmək tövsiyə olunub. Ailə üzvləri, valideynlər övladlarını, yaxın qohumları, xüsusən də gəncləri bu çılğın hərəkətdən çəkindirməlidirlər. Toy karvanlarının qəzalara səbəb olması, yolun hərəkət hissəsində qaydaları kobudcasına pozaraq təhlükəli vəziyyət yaratmasıyla bağlı Azərbaycan polisi - Baş Dövlət Yol Polisi İdarəsi zaman-zaman sürücülərə, vətəndaşlara müraciət edir. Müraciətlərdə qeyd edilir ki, toy karvanına qoşulan avtomobillər hərəkət halında ikən qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolaqlarını tuturlar və yollarda süni sıxlıq yaradırlar. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində də bildirilib: "Müşahidələr göstərir ki, “toy karvanları"nda olan bəzi sürücülər yolun hərəkət zolaqlarını tamamilə tutmaqla yanaşı, manevretmə qaydalarını da pozmaqla küçə və prospektlərdə süni sıxlıq yaradırlar. Bununla onlar digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar. Eyni zamanda bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “toy karvanları"nda iştirak edən sürücülərdən bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etmələrini xahiş edir ki, yollarda sıxlığın yaranmasına səbəb olmasınlar".

Baş vermis faciənin çox üzücü olduğunu deyən “Digesta” Hüquq Firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, belə hadisələr çox böyük təəssüf doğurur: 

- 3 gəncin ömrü yarıda qırıldı. Gənc yaşda faciəli şəkildə həyatlarını itirdilər. Nəyə görə? Boş, mənasız bir hərəkətə görə. Toy günü gəlinlə bəyi müşayət etmək bu qədər faciəli şəkildə bitməməlidir. Amma nə yazıq ki toy karvanı, toy korteji kimi mənasız, əhəmiyyətsiz, lazımsız bir mərasim ənənə halını alıb. Bunun qarşısı mütləq alınmalıdır. Həm rəsmi orqanlar səviyyəsində, həm də cəmiyyət tərəfindən. İndiyədək nə qədər belə faciələr baş verib. Valideynlər gəncləri bu mənasız, ölümə dəvət göndərən davranışdan çəkindirməlidir, icazə verməməlidirlər. Bir ağsaqqal, ağbirçək, sözü keçərli el ağsaqqalı yoxdur ki bu gənclər tənbeh etsin, icazə verməsin bu cür hərəkətlərə?! Yol hərəkəti qaydalarına görə də “toy kortejləri”nin hərəkəti qadağandır. Yol hərəkəti qaydalarına görə, avtomobillərin dəstə halında hərəkəti yalnız dövlət əhəmiyyətli xüsusi tədbirlərdə mümkündür. Hansı ki, həmin mütəşəkkil nəqliyyat dəstəsinin önündə və arxasında Yol Patrul Xidmətinin maşını olur. Qalan bütün hallarda dəstə halında avtomobillərin hərəkəti yolverilməzdir. Yol-hərəkəti qaydalarına görə, səbəbsiz halda qəza işıqları yandırmaq, siqnal vermək, yolda qəzalara səbəb olacaq digər manevrlər etmək qadağandır. Həmin hadisə Gürcüstanda baş verib. Bizim ölkəmizdə də, paytaxtda, regionlarda oxşar hadisələr baş verir. Bütün bu problemlər cəmiyyətdən qaynaqlanır. Hər şey mədəniyyətdən və ictimai təfəkkürdən asılıdır. Cəmiyyət özü ictimai qaydalara riayət etməlidir. Riayət etmirsə, qanun öz sözünü deməlidir. Hesab edirəm ki, yol polisi bu qondarma “el adətinə” qarşı sərt tədbir görməli, heç kimə güzəşt edilməməlidir. “Toydur, qanqaraçılıq olmasın, xətirlərinə dəyməyək”, söhbəti yığışmalıdır. Hər kəs qanuna tabe olmalıdır və yol hərəkəti qaydalarını pozanlar ciddi cəzalanmalıdır.