Oqtay Qasımov: Rubio yalnız iqtisadi və hərbi sahələri deyil, dəyərləri də vurğulayır
ABŞ dövlət katibi Marco Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, Vaşinqton Avropada söz azadlığının və demokratik dəyərlərin tədricən məhdudlaşdırılmasına göz yummayacaq. O vurğulayıb ki, ABŞ müttəfiqlərindən yalnız təhlükəsizlik və iqtisadi əməkdaşlıq deyil, həm də ortaq prinsiplərə və fundamental azadlıqlara hörmət gözləyir. Rubionun fikrincə, demokratik dəyərlərin qorunması transatlantik münasibətlərin əsas “qırmızı xətti”dir və bu, tərəfdaş ölkələrin məsuliyyətini əks etdirir.
Ekspertlərin fikirincə Rubio tərəfindən səsləndirilən mesaj Vaşinqtonun Avropa ilə münasibətlərində prioritetlərin hansı istiqamətdə formalaşdığını açıq şəkildə ortaya qoyub. Bununla ABŞ administrasiyası, xüsusilə də Donald Trump rəhbərliyində, transatlantik tərəfdaşlığın yalnız təhlükəsizlik və iqtisadi maraqlarla deyil, eyni zamanda ortaq demokratik prinsiplərlə ölçüldüyünü vurğulayır. Rubionun açıqladığı “qırmızı xətt” isə Avropada söz azadlığının və fundamental dəyərlərin məhdudlaşdırılması ilə bağlı artan narahatlıqlara birbaşa işarədir. Bu mövqe, ABŞ-nin müttəfiqlərindən təkcə siyasi koordinasiya deyil, həm də demokratik standartlara sadiqlik gözlədiyini göstərir.
Politoloq Oqtay Qasımov Sherg.az-a deyib ki, Rubionun açıqlamasını Ceyms Stivensin keçən ilki çıxışı ilə müqayisə etdikdə kifayət qədər yumuşaq və praqmatik yanaşmanın şahidi oluruq:
“ Bir ildən artıqdır ki, Avropa siyasi elitası ABŞ və onun Prezidentini avtoritarizmə meyillilikdə ittiham edir. Bundan əlavə, onlar Trampı universal Qərb dəyərlərinə arxa çevirməkdə günahlandırırlar.Biz Hillary Clinton-un çıxışında da eyni notları müşahidə etdik. Trump administrasiyası, xüsusilə Rubio dövründə, diqqətsizlikdə ittiham olunurdu. Lakin Rubio bildirdi ki dəyərlərə, söz azadlığı və demokratiyaya dəstək Amerikanın əsas prinsiplərindən biridir”.
Analitik əlavə edib ki, bu məsələdə demokratlarla, respublikaçılar arasında fundamental fərqlər mövcuddur:
“Tramp administrasiyasına tənqidlər də məhz bu istiqamətdən yönəlib. Rubio isə Avropayla münasibətləri yalnız iqtisadi, hərbi və təhlükəsizlik sahəsi ilə məhdudlaşdırmır. O, eyni zamanda dəyərlər məsələsini də önə çəkir və Avropa, Qərb cəmiyyətlərinin bir çox sahələrdə universal dəyərlərə - insan hüquqları, demokratiya, söz və vicdan azadlığı kimi prinsiplərə hörmət göstərməli olduğunu vurğulayır. Təəssüf ki, bu universal dəyərlər bəzi hallarda digərlərinə qarşı tənqid vasitəsi kimi istifadə olunur və hətta pozulur. Rubio da Avropalı tərəfdaşlarına mesaj verir ki, Amerika bu dəyərlərə sadiqdir və onların pozulmasına göz yummayacaq. Bu yanaşma yumuşaq, amma aydın tənqid forması kimi qiymətləndirilə bilər”.