ABŞ, Çin və Rusiya liderlərinin görüşü həlledici olmayacaq -ŞƏRH

"ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi beynəlxalq siyasi gündəmdə xüsusi maraq olsa da, ciddi qərarların qəbul edilməsi gözlənilmir. Rusiya tərəfi belə bir görüşü müəyyən mənada ikinci Yalta konfransı kimi təqdim etməyə çalışır. Çünki Moskva yenidən fövqəldövlət statusunu möhkəmləndirmək, formalaşmaqda olan yeni geosiyasi nizamda öz təsir dairəsini genişləndirmək və beynəlxalq təcriddən çıxmaq niyyətindədir".

Bunu Sherg.az-a Milli Cəbhə partiyasının başqanın müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Rusiya üçün ABŞ və Çin kimi dünyanın iki aparıcı gücü ilə eyni masa arxasında əyləşmək mühüm siyasi fürsətdir:

"Kreml çalışır ki, belə bir görüşü Rusiyanın və şəxsən Vladimir Putinin diplomatik uğuru kimi təqdim etsin. Bununla da Moskva dünya siyasi nizamının formalaşdırılmasında Rusiyanın da əsas aktorlardan biri olduğunu nümayiş etdirməyə çalışır. Lakin mümkün üçtərəfli görüşdə fundamental strateji məsələlər üzrə ciddi razılaşmaların əldə olunması real görünmür. Çinin öz geosiyasi və iqtisadi maraqları var və Pekin nə Rusiya, nə də ABŞ ilə dünyanın təsir dairələrinə bölüşdürülməsi istiqamətində razılaşmaya getməkdə maraqlıdır_.

Analitik qeyd edib ki, ABŞ-ın da Rusiya-Ukrayna müharibəsi, strateji nüvə silahlarına nəzarət və digər qlobal təhlükəsizlik məsələləri ilə bağlı Çinin və Rusiyanın maraqları ilə üst-üstə düşən mövqeyi yoxdur:

"Bu baxımdan, görüş daha çox siyasi dialoq və tərəflərin mövqelərini nümayiş etdirməsi xarakteri daşıya bilər. Digər tərəfdən, ABŞ-da daxili siyasi vəziyyət də Donald Trampın mövqeyinə təsir göstərir. Konqresdə demokratların mövqelərinin güclənməsi və respublikaçıların siyasi manevr imkanlarının məhdudlaşması Trampın siyasi fəaliyyətinə əlavə təzyiqlər yaradır. Bu amil də onun beynəlxalq siyasətdə atacağı addımlara təsirsiz ötüşməyəcək. Donald Tramp belə bir görüşdə Ukrayna müharibəsi, nüvə təhlükəsizliyi və İran ətrafında yaranmış vəziyyət kimi məsələləri müzakirəyə çıxara bilər. Lakin bu müzakirələrin konkret strateji razılaşmalarla nəticələnəcəyini düşünmürəm. Mümkün üçtərəfli görüşü İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sisteminin formalaşmasında mühüm rol oynayan Yalta və Potsdam konfransları ilə müqayisə etmək düzgün olmazdı. Çünki bugünkü beynəlxalq münasibətlər sistemi, geosiyasi reallıqlar və böyük güclərin maraqları tamamilə fərqlidir. Hesab edirəm ki, bu görüş daha çox ümumi siyasi dialoq və diplomatik təmas xarakteri daşıyacaq. Onun nə Rusiya-Ukrayna müharibəsinin gedişinə, nə də ABŞ-İran qarşıdurmasına həlledici təsir göstərəcək tarixi görüş olacağını mümkün deyil".