Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var

Afrikanın yerin altında təxminən 660 min kubkilometr su ehtiyatı olduğu müəyyənləşdirilib. Bu həcm qitədəki bütün göllərdəki şirin su ehtiyatından təxminən 20 dəfə çoxdur.

Sherg.az xəbər verir ki, alimlər iqlim dəyişikliyi fonunda yerüstü su mənbələrinin qeyri-sabitləşməsi səbəbilə Afrikanın yeraltı su ehtiyatlarını xəritələndirirlər.

Mütəxəssislər bildirirlər ki, bu suların hamısı istifadəyə yararlı deyil. Xüsusilə Şimali Afrikada Liviya, Əlcəzair və Misirin dərinliklərində yerləşən akviferlər böyük su ehtiyatları ilə seçilir.

Lakin bu ehtiyatların bir hissəsi minlərlə il əvvəl toplanmış “fosil sular”dır və müasir yağıntılarla kifayət qədər yenilənmir. Buna görə də həddindən artıq su çəkilməsi ehtiyatların tükənməsinə və yer səthinin çökməsinə səbəb ola bilər.

Alimlərin hazırladığı xəritəyə əsasən, təxminən 94 milyon afrikalı yeraltı suyun təhlükəsiz içməli su mənbəyi kimi istifadə oluna biləcəyi ərazilərdə yaşayır. Bununla yanaşı, 535 milyon insanın yaşadığı bölgələrdə yeraltı suların insan fəaliyyəti nəticəsində çirklənmə riski var.