Asəf Quliyev: Qələbənin əldə olunmasında ən böyük pay şəhidlərin, qazilərindir

Cənab Prezident vaxtında verilmiş qərarla müharibənin taleyini həll etdi və biz Qələbə qazandıq

Zəfər bayramını bu gün xalqımız, dünyanın dörd bir yanında qəlbində Azərbaycan sevgisi ilə yaşayan, qəlbi Qələbə sevinci ilə döyünən hər bir soydaşımız qürurla, fəxrlə qeyd edir. 

Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, tədqiqatçı jurnalist, əslən Qarabağlı Asəf Quliyev hesab edir ki, Zəfər Günü İstiqlaliyyət Gününə bərabər bayramdır.

Sherg.az-a açıqlamasında Asəf Quliyev bildirdi ki, hər bir xalq üçün onun İstiqlaliyyət günü, müstəqillik günü ən əziz bayramdır, o cümlədən də Azərbaycan xalqı üçün. Lakin ərazilərimizin bir qismi işğal altında olduğu illərdə biz İstiqlal günümüzü tam sevinclə, qürurla qeyd edə bilmirdik. Çünki sevincimiz yarımçıq idi: 

- Zəfər Günü çox böyük bayramdır. İstiqlaliyyət gününə bərabər bayramdır. İstiqlaliyyət bizim ümün nə qədər əziz idisə, amma sanki yarımçıq idi. 44 günülk müharibədə qazanılan qələbə ilə bu yarımçıqlıq doldu, aradan qaldırıldı, tam oldu. Bu baxımdan Zəfər Günü ilə İstiqlal Günümüz eyni dərəcədə əzəmətli, möhtəşəm bayramlardır. Beynəlxalq görüşlərdə müharibə, sülh, Azərbaycan-Ermənistan münasibətləri haqqında soruşulanda deyirəm ki, uzun illər Ermənistanın işğalına “haqq” qazandırmağa çalışanlar da, separatçıların tərəfini saxlayan ekspertlər də bir şeydə yanılırdılar; onlar düşünürdü ki, 20-30 il keçəcək, Azərbaycan xalqı işğalı unudacaq, məğlubiyyətlə barışacaq. Amma yanılırdılar. Azərbaycan xalqının kökünə, genetik yaddaşına bələd olsaydlar, bilərdilər ki bu xalq məğlubiyyətlə barışan xalq deyil, torpaq itkisiylə barışacaq millət deyil. Azərbaycan xalqı doğma yurd sevgisini heç nəylə müqayisə etmək olmaz. Torpaq bizim namusumuzdu, qeyrətimizdi. Və biz mütləq torpaqlarımızı düşmən azad edəcəyik. Belə də oldu. Bu yaxınlarda erməni ekspertlərdən birinin fikirlərini oxudum, qarşı tərəfin baxışıdır, ona görə önəmlidir, o bildirir ki, 30 il ərzində Azərbaycan üçün Qarabağ məsələsi ikinci plana keçmədi, həmişə prioritet oldu, vacib oldu və biz – yəni Ermənistan ona görə uduzduq. Həqiqən də belədir. Qarşı tərəf də bunu görür və təsdiq edirsə, deməli bu həqiqətdir. Qələbənin əldə olunmasında ən böyük pay şəhidlərin, qazilərindir. Onların şücaətini, cəsarətini unutmaq olmaz. Və sözsüz ki, əks-hücum əmrini verən Ali Baş Komandanın üzərində ağır məsuliyyət var idi. Cənab Prezident vaxtında verilmiş qərarla müharibənin taleyini həll etdi və biz Qələbə qazandıq. Hamının bayramını bir daha təbrik edirəm.