Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT

  •  Reyn və Dunay çayları quruyur, sənaye risk altındadır

“Avropada 2026-cı ilin quraqlığı göstərir ki, iqlim dəyişikliyi yalnız ekoloji problem deyil, logistika, enerji təhlükəsizliyi və sənaye üçün iqtisadi riskdir”.

Sherg.az xəbər verir ki, bu sözləri Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev deyib. 

Mütəxəssis bildirib ki, Dunay və Reyn çaylarında suyun səviyyəsinin kəskin azalması gəmiçilik şirkətlərini yükləri azaltmağa, bəzi marşrutları dayandırmağa və alternativ nəqliyyat növlərinə keçməyə məcbur edir: “Dunayın bəzi kritik hissələrində dərinliyin 1,5–1,7 metrə düşməsi barjaların daşıma qabiliyyətini kəskin azaldıb. Serbiyada bəzi gəmilər normal yükünün təxminən yarısı ilə hərəkət edir. Nəticədə eyni yükü daşımaq üçün daha çox reys tələb olunur və logistika xərcləri artır.

Reyn çayında vəziyyət Almaniya sənayesinə daha geniş təsir göstərir. Kimya, polad, neft və avtomobil sənayesi çay nəqliyyatından ciddi şəkildə asılıdır. Duisburq kimi iri limanlarda gəmi tutumunun normal səviyyənin təxminən üçdə birinə düşməsi yüklərin dəmir yolu və avtomobil nəqliyyatına yönəlməsini sürətləndirir. Amma burada əsas problem ortaya çıxır: alternativ nəqliyyatın özünün də məhdud tutumu var. Çayla daşınan yanacaq həcmini avtomobillərlə kompensasiya etmək üçün gündə minlərlə əlavə tankerə ehtiyac yarana bilər. Bu isə sürücü, avtomobil, yol infrastrukturu və yanacaq baxımından əlavə resurs tələb edir.

Daha ciddi məqam isə enerjidir. Dunayda suyun azalması Macarıstan və Rumıniyada AES-lərin, Slovakiyada isə su elektrik stansiyalarının fəaliyyətinə təsir göstərib. Yəni eyni iqlim hadisəsi nəqliyyat və enerji sistemlərini paralel şəkildə zəiflədə bilir”.

R. Ağamirzəyevin sözlərinə görə, bu hadisə Azərbaycanın tranzit ölkə kimi inkişaf strategiyası üçün də mühüm dərsdir: “Logistika sisteminin dayanıqlılığı yalnız yeni dəhlizlərin yaradılması ilə ölçülməməlidir. Əsas məsələ alternativlərin mövcudluğu və onların bir-birini əvəz edə bilməsidir.

Dəmir yolu, avtomobil, dəniz nəqliyyatı, limanlar, terminallar və anbar infrastrukturu vahid multimodal sistem kimi işləməlidir. Məsələn, hər hansı marşrutda təbii və ya texniki səbəbdən tutum azaldıqda yükün digər nəqliyyat növünə sürətli və əlavə böyük xərclər yaratmadan keçirilməsi mümkün olmalıdır.

Bu baxımdan Avropanın Reyn və Dunay təcrübəsi Azərbaycana bir mesaj verir:

Gələcəyin rəqabətli logistika sistemi ən ucuz marşrutu deyil, böhran zamanı da işləyə bilən marşrutu olan sistemdir. İqlim dəyişiklikləri fonunda nəqliyyat infrastrukturunun planlaşdırılmasına artıq yalnız “nə qədər yük daşıyacağıq?” sualı ilə deyil, “risk baş verdikdə yükü necə daşımağa davam edəcəyik?” sualı ilə yanaşmaq lazımdır.

Bu, həm Orta Dəhlizin, həm Şimal–Cənub marşrutunun, həm də Azərbaycanın liman və dəmir yolu infrastrukturunun uzunmüddətli dayanıqlılığı baxımından strateji məsələdir”.