Azərbaycan Sülh Şurasının təsisçiləri sırasındadır - ŞƏRH

Bakı yeni dünya nizamında önə çıxır, Ermənistan risk idi, resursa çevrildi

“ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na Azərbaycanın təsisçi üzv dövlət qismində dəvət olunması Prezident İlham Əliyevin prinsipial və ardıcıl sülh gündəliyinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. Bu dəvət təsadüfi deyil. Azərbaycanın Şanlı Zəfərindən sonra regional miqyasda formalaşmış yeni siyasi reallıqlar şəraitində konstruktiv, məsuliyyətli və etibarlı aktor kimi çıxış etməsinin məntiqi nəticəsidir”.

Bu sözləri Sherg.az-a açıqlamasında Milli məclisin deputatı Rizvan Nəbiyev bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin ABŞ liderinə ünvanladığı məktub Azərbaycanın prinsipial, balanslı və məsuliyyətli xarici siyasət xəttini əks etdirir:

“Məktubda ABŞ Prezidentinin Sülh Şurasının sədri kimi təqdim olunması və onun liderliyinə verilən yüksək qiymət, Azərbaycanın dəyişən beynəlxalq reallıqlarda praqmatik və çevik diplomatiya yürütmək bacarığını nümayiş etdirir. Bu yanaşma ölkəmizin qlobal güc mərkəzləri ilə əməkdaşlıq və dialoqa əsaslanan xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirdiyini bir daha təsdiqləyir. Eyni zamanda, Prezident İlham Əliyevin bu məktubu Azərbaycanın sülhün institusional və beynəlxalq mexanizmlər vasitəsilə təşviqinə sadiqliyini əks etdirən mühüm siyasi mesajdır. Bu addım Azərbaycanın yeni dünya nizamında sülh, sabitlik və əməkdaşlıq gündəliyinin formalaşmasında fəal rol almaq, eyni zamanda beynəlxalq proseslərdə məsuliyyətli və etibarlı tərəfdaş kimi çıxış etmək iradəsini ortaya qoyur”.

R. Nəbiyevin sözlərinə görə, Azərbaycan Ermənistanın işğalına son qoymaqla həm də riski idarə etmək və onu resursa çevirmək imkanlarını sübut etdi:

“Otuz il boyunca regional təhlükəsizliyə və əməkdaşlığa ciddi təhdid yaradan Ermənistan, Azərbaycanın ardıcıl və prinsipial sülh təşəbbüsləri çərçivəsində tərəfdaşlıq istiqamətində addımlar atmağa məcbur qalır. İkitərəfli münasibətlər tədricən qarşıdurma müstəvisindən çıxaraq əməkdaşlıq xəttinə yönəlir. Klassik təhlükəsizlik institutlarının effektivliyinin zəiflədiyi, regional münaqişələrin qlobal təsirlərə çevrildiyi bir dövrdə alternativ sülh mexanizmlərinə ehtiyac açıq şəkildə hiss olunur. Məhz bu kontekstdə Azərbaycanın Sülh Şurasının təsisçiləri sırasında yer alması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisini nümayiş etdirir”.

Deputat qeyd edib ki, Azərbaycanın sülh təşəbbüslərində iştirakı Prezident İlham Əliyevin liderliyinə beynəlxalq etimadın formalaşdığını göstərir:

“Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi regional kommunikasiyaların açılması, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, habelə beynəlxalq hüquqa əsaslanan münasibətlər modelinin formalaşdırılması üzərində qurulub. Azərbaycan bu yanaşmanı təkcə siyasi bəyanatlarla deyil, ardıcıl və məqsədyönlü diplomatik addımlarla da təsdiqləyir. Bu baxımdan, Sülh Şurasında təmsil olunma sözügedən strateji xəttin məntiqi davamıdır. Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində iştirakı Prezident İlham Əliyevin liderliyinə olan etimadı təsdiqləməklə yanaşı, ölkəmizin sülh və əməkdaşlıq platformalarında milli maraqlara uyğun məsuliyyətli rol oynaya bildiyini sübut edir”.

Aybəniz Səfərova