"Azərbaycanın idarəçiliyinin etibarlı əllərdə olduğu bir daha sübut olundu" - Qubadlı köçkünü yazır


 Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır.

Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Sherg.az Prezidentin saytına istinadla xəbər verir ki, Qubadlı rayonundan məcburi köçkün Tünzalə Hüseynova yazır:

“Möhtərəm cənab Prezidentim, bütün dünyanı saran pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın idarəçiliyinin etibarlı əllərdə olduğu bir daha sübut olundu. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir. Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirik. Biz birlikdə güclüyük!. Güclü Azərbaycanın layiqli lideri, Allah Sizi və ailənizi qorusun!”.