ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin yanvarında Qəzza münaqişəsinin növbəti mərhələsini idarə etmək məqsədilə “Sülh Şurası”nın yaradıldığını elan edib. Şuranın funksiyalarına atəşkəs rejiminin qorunması, təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi və digər əlaqəli məsələlər daxildir. “Sülh Şurası”na təxminən 60 ölkə dəvət olunub. Təşəbbüsün ən çox müzakirə doğuran məqamlarından biri BMT Baş katibinin prosesə dəvət edilməməsidir. Dəvət olunan ölkələr arasında Fransa da olsa da, Prezident Emmanuel Makron, qoşulmayacağını bəyan edib. Ümumilikdə təsisçi üzv statusu ilə 16 ölkə dəvət olunub. Bu siyahıya Azərbaycan da daxildir. Çünki D. Tramp bu gün Prezident İlham Əliyevə “Sülh Şurası”na təsisçi üzv kimi qoşulmaq üçün rəsmi dəvət göndərib. Dövlətimizin başçısı isə öz növbəsində, göstərilən etimada görə minnətdarlığını bildirərək, təşəbbüsə qoşulacağını açıqlayıb. ABŞ administrasiyası qurucu üzv kimi dəvət edilən dövlətləri Şuranın siyasi legitimliyini və icra mexanizmlərini formalaşdıracaq əsas aktorlar kimi görür.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, Pərvanə Vəliyeva Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə “ən yaxşı nümunəyə” çevrilib:
“ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası” adlı beynəlxalq təşkilatın yaradılacağını elan edərək, Azərbaycan Respublikasını təsisçi üzv dövlət kimi qoşulmağa dəvət edib. Bundan əvvəl, məhdud sayda dövlət və hökumət başçısının qatıldığı Yaxın Şərq Sülh Sammitində dövlət başçımız ABŞ Prezidentinin şəxsi dəvəti əsasında iştirak edib. Vaşinqton Sülh Sammiti ilə Cənubi Qafqaz regionuna sülh gətirilməsi şübhəsiz ki, Azərbaycanın nüfuzunu qaldırmaqla yanaşı, ölkəmizə ehtiyacı artırır. Müxtəlif liderlər Prezidentimizin tövsiyyə və fikirlərini eşitmək üçün ikitərəfli görüşlər keçirirlər. Onlar etiraf edirlər ki, belə həssas bir regionda Azərbaycan nümunəvi xarici siyasət həyata keçirir və öz gündəliyini ardıcıl şəkildə irəli aparır. Cənubi Qafqaz kimi uzun müddət münaqişələrdən əziyyət çəkmiş bir regionda sülhə nail olan Azərbaycan artıq beynəlxalq arenada “ən yaxşı nümunəyə” çevrilib. Bu, ilk növbədə, dövlət başçımızın qətiyyəti və sülhdə prinsipiallığının nəticəsidir”.
Aybəniz Səfərova