Azərbaycanlıları terrorçu adlandırmaq gülüncdür: Moskva təzyiq mexanizmini miqrantlara yönəldib

Rusiya azərbaycanlıları kriminal damğası ilə təzyiq etməyi hədəfləyir
Rusiya azərbaycanlılara qarşı təzyiqləri davam etdirir. Ötən gün Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb. İddialara əsasən, Azərbaycan vətəndaşı Yessentuki və Stavropol şəhərlərində nəqliyyat infrastrukturu və inzibati binalarla bağlı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olub. Onun Ukrayna tərəfi ilə əməkdaşlıq etdiyi vurğulanıb. Bakıya qarşı qərəzi tükənməyən Moskva artıq azərbaycanlıları adi cinayətlərə görə saxlamır. İndi azərbaycanlıları "terrorçuluqda", "dini radikallarla əlaqədə" suçlayır, "Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə fəaliyyət göstərməkdə ittiham edir. Belə çıxır ki, azərbaycanlıların "kriminal aləmə" məxsus olması, "terrorçuluqla" məşğul olması Rusiyanın Azərbaycanla münasibətlərinin korlanmasından sonra üzə çıxıb. Rusiyanın aparıcı informasiya agentliyi TASS Azərbaycan adının hər bir halda neqativ formada səsləndirilməsi üçün əlindən gələni edir. 
Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Rusiya öz aqressiv davranışlarını bütün dünya üçün təzyiq mexanizminə çevirib. Ekspertin fikrincə, bu gün azərbaycanlı və digər miqrantlara qarşı sərgilənən münasibət, əslində, Rusiya ilə indiyədək normal əlaqə saxlayan dövlətlərə münasibətdir:
 "Rusiyada postsovet ölkələrinə və miqrantlara baxış fərqlidir. Ona görə bəzi rus siyasətçiləri miqrantları "cəmiyyətin atıqları" (tullantı -red) adlandırırlar. Bu gün azərbaycanlıları "kriminal aləmin üzvü" kimi saxlayan Rusiya orqanları anlamalıdır ki, miqrantlar məhz Moskvanın qayda-qanunlarına uyğun yaşayıblar. Məgər Kreml indiyə kimi onları görmürdü? Necə oldu ki, Azərbaycanla münasibətlər gərginləşəndən, xüsusən Vaşinqton görüşündən və Zəngəzur dəhlizinin açılması yönündə konkret addımlardan sonra Rusiya azərbaycanlıların "kriminal" olduqlarına qərar verdi?! Maraqlıdır ki, Duqin kimi şəxslər çıxış yolunu qeyri-rusların assimilyasiya edilməsində görür və bunu açıq bəyan edir. Assimilyasiya özünü təkzib deməkdir. Yəni bir insanın milli, etnik kodunun yox edilməsidir. Məqsəd Rusiyadakı qeyri-rusları assimilyasiya edərək ruslaşdırmaqdır. Bu şeytani təklif və plan Rusiyaya məxsusdur. Söhbət ondan gedir ki, Rusiya özü üçün perspektivdə çox dəhşətli nəticələrə səbəb olacaq addımlar atır, qərarlar verir. İstər Ukrayna ilə müharibə, istər Qərb dünyası ilə qarşıdurma kontekstində, istərsə də daxili siyasətdə təhlükəli, riskli hərəkətlərə rəvac verir". 
N.Miri əlavə edib ki, terror və azərbaycanlı anlayışı bir-birinə tərs mütənasibdir: 
"Azərbaycanlılara qarşı tarix boyu çoxsaylı terrorlar törədilsə də, millətimiz heç vaxt terrora əl atmayıblar. Terror aktları törətmək azərbaycanlıların genetik fondunda yoxdur. Ona görə də azərbaycanlıları terrorda ittiham etmək gülünc olmaqla bərabər həm də absurddur. Dünyanın heç bir ölkəsində azərbaycanlıların iştirakı ilə teraktlar yaşanmayıb. Əgər Rusiya öz ərazisində terrorçu axtarırsa, konkret terror əməlləri törətmiş ermənilərə baxsın. Zamanında Rusiya metrosunu partladanlar ermənilər deyildi?! Nə oldu ki, birdən-birə "azərbaycanlı" ilə "terror" anlayışları yan-yana gətirildi. Aydındır ki, Rusiya bununla Azərbaycana təzyiq etmək niyyəti güdür. Lakin anlamır ki, artıq Bakı təzyiq ediləcək paytaxt deyil. Azərbaycan Cənubi Qafqazda əsas stabilləşdirici amildir. Rusiya öz maraqlarını regionda təmin etmək istəyirsə, yeganə yol Azərbaycanla normal münasibət saxlamaqdır".