“Azəri” fars deyimidir, bunu bisavadlar anlamır - Türkoloq

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran “azəri” sözünün Azərbaycanla heç bir əlaqəsinin olmadığını bildirib və “Azəriqaz” adının dəyişdirilməsinin vacibliyini gündəmə gətirib.

Sherg.az xəbər verir ki, sabiq təhsil naziri, türkoloq Firudin Cəlilov Musavat.com-a müsahibəsində “azərilər” mövzusuna toxunub:

- Firudin bəy, bizə “azəri” deyilməsi doğrudurmu və niyə belə adlandırırlar?

- İranda heç bir tarixi qaynaqda bilgi yoxdur ki, hər hansı irandilli tayfaya “azəri” desinlər. Belə məlumat heç bir mənbədə yoxdur. Türklərə aid Azər boyu haqda isə xeyli məlumat var. Məsələn, Fəzlullah Rəşiddədin “Oğuznamə” yazıb. Bu kitabda Oğuzun dilindən cümlə var - Azər və bayqan. Yəni "azər" sayılan-seçilən adamlara deyilir, "bayqan" isə o tayfanın yaşadığı yer adlanır. Bundan artıq daha nə fakt istəyirsiniz? Bu söz 600 il qabaq deyilib və 14-cü əsrdə qələmə alınıb. “Oğuznamə” kimi onlarla belə fakt göstərmək olar ki, türklərin Azər boyu var. Sadəcə, 19-cu əsrdə fars alimləri kollektiv bir kitab yazıblar. Həmin kitabın adını indi xatırlaya bilmirəm, amma orada qeyd olunur ki, azərilər farsdır. Azərlə “azəri” sözlərinin fərqi odur ki, fars dilində tayfa adlarına "i" artırırlar. Yəni farslar bizi “azəri” adlandırıb. Amma cümhuriyyətçilər dövləti quranda ona Azər adı qoyanda İranda xoşlarına gəlmədi. O vaxtdan indiyə qədər molla hökuməti bu adı qəbul etmir və hələ də bizə "Bakı hökuməti" deyirlər.

- Deməli, məsələ farsların “i” hərfi artırıb “azəri” adlandırmasından qaynaqlanır?

- Eyni zamanda, Kəsrəba adlı bir alim yazmışdı ki, guya azərilər türk deyil, farsdır. Son 100 ildə özünə türkçü deyənlər isə bildirirlər ki, biz “azəri” deyilik, türkük. Bu da farsların “dəyirmanına su tökmək”dir. Bizim bəzi insanlar savadsızdır və “azər” sözünün türk olduğunu başa düşmürlər. Əslində, "azər" və "xəzər" eyni sözlərdir. Hətta Jirinovski dedi ki, azərlər elə xəzərlərdir. Jirinovski bunu başa düşür, bizimkilər başa düşmür. Türkmən dastanında da Xəzərbaycan deyirlər. Yəni "azər" və "xəzər" eynidir.

- Yəni biz “azəri” adlandırılmağa etiraz etməliyikmi? Çünki Türkiyə türkləri də bizə “azəri” deyirlər...

- “Azəri” deyimi fars deyimidir. Guya ki, siz türk deyilsiniz, farssınız. Gəlin, “Azərbaycan” sözünü hissələrə bölək, orda “azəri” sözü çıxmır. Ona görə də biz “azəri” yox, azərik, yəni türkük.