“Azərbaycan Hava Yolları” (AZAL) iyulun 30-dan etibarən Bakı ilə Qars arasında birbaşa aviareyslərə başlayacaq.
Sherg.az xəbər verir ki, reyslər həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək. İlk təyyarə iyulun 30-da saat 13:30-da Qars hava limanına enəcək.
Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan bildirib ki, yeni aviareyslər Azərbaycanla Qars arasında turizm və iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.
Onun sözlərinə görə, xüsusilə azərbaycanlı turistlərin Sarıqamışda qış turizminə marağı böyükdür. Bu məqsədlə Bakı şəhərində müxtəlif tanıtım tədbirlərinin keçirilməsi planlaşdırılır.
Bozan həmçinin qeyd edib ki, yeni reyslər iş adamlarının səfərlərini asanlaşdıracaq, eyni zamanda Bakı üzərindən Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi türk dövlətlərinə çıxışı genişləndirəcək.