- “Noyabrın 15-ni gözləmək olmaz. İllərdir eyni problemləri yaşayırıq, yetərli tədbir görülmür”
Bakının yaz-payız mövsümünə hazır olmadığı artıq bəllidir. Son illərdə yağışlar nədənsə normadan artıq yağır, küçələri su basır. Əhali də artıq bu vəziyyətə alışıb. Bəs görəsən, paytaxt qışa hazırdırmı? Yenə qaz və elektrik enerjisinin kəsilməsi, qar yağacağı təqdirdə yolların buz bağlaması, səkilərin buz meydançasına çevrilməsi ilə üzləşəcəyik?
Havalar artıq soyusa da, qazın təzyiqi aşağıdır. Bu vəziyyəti isə hələ qış normasına keçilməməsi ilə izah edirlər. Halbuki əhali istifadə etdiyi qazın pulunu ödəyir. Bəs qaz abonentlərə niyə normal təzyiqlə verilmir?
İqtisadçı Razi Abbasbəyli Sherg.az-a açıqlamasında qarşıdan gələn sərt qışa hazırlığın hansı səviyyədə olduğunu şərh edib. Onun sözlərinə görə, Bakının mövcud infrastrukturu əhalinin sayına uyğun deyil:

“Təəssüf ki, Bakının faktiki infrastrukturu əhalinin sayına tərs mütənasibdir. Həm elektrik enerjisi, həm içməli su, həm təbii qaz təminatı, həm də kanalizasiya sistemləri ötürücülük və paylanma baxımından yetərli səviyyədə deyil. Bununla bağlı hökumətin illər əvvəl atmalı olduğu bir sıra addımlar var idi, lakin həmin addımlar atılmadı.
Hazırda Bakının ən ciddi problemlərindən biri kanalizasiya sistemlərinin yenilənməsidir. Mövcud kanalizasiya və drenaj sistemləri nəinki Bakı şəhərinə düşən yağış sularının, hətta məişət tullantı sularının axıdılması üçün də yetərli deyil. Son illərdə bu istiqamətdə bir sıra tədbirlər görülsə də, təəssüf ki, problem hələ də həllini tapmayıb”.
R.Abbasbəyli bildirib ki, Bakıda ilk növbədə içməli su təminatı və kanalizasiya sistemləri yenidən qurulmalıdır. Onun fikrincə, infrastrukturun gücü əhalinin sayına uyğun dəqiq hesablanmalı, həm mövcud vəziyyət, həm də gələcək inkişaf perspektivləri nəzərə alınmalıdır:
“Bakı faktiki olaraq urbanizasiya problemi yaşayan paytaxt şəhərlərindən biridir. Şəhər böyüməyə davam edir və əhalinin sayının artması nəticə etibarilə vəziyyəti daha da çətinləşdirir. Ona görə də hesab edirəm ki, qış aylarında ötən illərdə olduğu kimi, problemlər yenə davam edəcək. Elektrik enerjisinin kəsilməsi, qar yağacağı təqdirdə yolların buz bağlaması, nəqliyyatın hərəkətinin iflic olması ehtimalı var. Mərkəzi ərazilərdə və ətraf qəsəbələrdə küçələri, evləri su basa bilər. Yaşayış massivlərinin və mənzillərin su altında qalması, keçidlərdə və körpülərin altında su yığıntılarının artması ehtimalı da böyükdür.
Çünki son bir neçə ildə yaşanan problemlərlə bağlı faktiki olaraq ciddi tədbirlər görülmür. Buna görə də deyə bilmərik ki, bu il həmin problemlərlə üzləşməyəcəyik. Əksinə, vəziyyətin daha da mürəkkəbləşəcəyi ehtimalı var.
Bütün bunları təbiətin “şıltaqlığı”, iqlim dəyişikliyi və ya yağıntıların normadan artıq olması ilə izah etmək doğru deyil. Çünki aidiyyəti dövlət qurumları hava şəraitini, əhalinin sayını və inkişaf perspektivlərini nəzərə alaraq qabaqlayıcı tədbirlər görməlidirlər. Yaşayış binalarının tikintisinə icazə verilərkən, onlara texniki şərtlər təqdim olunarkən və digər bu kimi hallarda real vəziyyət qiymətləndirilməli, müvafiq rəylər və rəsmi icazələr buna uyğun verilməlidir”.
R.Abbasbəyli qeyd edib ki, ən ciddi problemlərdən biri Bakıətrafı kənd və qəsəbələrdə xaotik və qanunsuz tikintilərin aparılmasıdır. Onun sözlərinə görə, bunun acı nəticələri artıq özünü göstərir:
“Şəhərin hətta mərkəzə yaxın rayonlarında belə bu problemlər yaşanır. Elektrik enerjisi təminatı ilə bağlı ciddi çətinliklər var. Yay aylarında içməli su, qışda isə elektrik enerjisi və təbii qaz təminatı ilə bağlı problemlərlə illərdir üzləşirik. Halbuki bu istiqamətlərə kifayət qədər investisiya da ayrılıb.
Təxminən yeddi il əvvəl Dünya Bankının xətti ilə Bakı şəhərinin elektrik enerjisi təminatının yaxşılaşdırılması və infrastrukturun yenilənməsi üçün 2 milyard manata yaxın vəsait ayrılmışdı. Bu vəsait dövlət zəmanəti ilə təqdim edilmişdi. Müəyyən işlər görülsə də, təəssüf ki, onların yetərli səviyyədə olduğunu deyə bilmərik.
Təbii qazın və istiliyin mənzillərə verilməsində də ciddi problemlər var. Niyə məhz noyabrın 15-i? Əgər rəsmi səviyyədə planetimizdə iqlim dəyişikliklərinin baş verdiyi, qlobal istiləşmənin müşahidə olunduğu və soyuqların əvvəlki illərlə müqayisədə daha tez başladığı bildirilirsə, o zaman illər əvvəl qəbul edilmiş, noyabrın 15-dən sonra qış mövsümünə keçidi nəzərdə tutan qaydalar da dəyişdirilməlidir.
Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verməlidir. On il əvvəl hava şəraiti fərqli idi, indi isə vəziyyət dəyişib. İqlim dəyişiklikləri baş verirsə, hökumət də qərarlarını buna uyğunlaşdırmalıdır. Müvafiq qərarla mənzillərə istiliyin verilməsini daha erkən tarixə çəkmək mümkündür.
Hesab edirəm ki, infrastruktur layihələri həyata keçirilərkən yalnız bugünkü ehtiyaclar deyil, gələcək perspektivlər də nəzərə alınmalı, sistemlər bu tələblərə uyğun yenidən qurulmalıdır. İstilik mövsümünün noyabrın 15-i əvəzinə noyabrın 1-dən başlanması isə kifayət qədər məqsədəuyğun qərar olardı”.