“Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində böyük xidməti olmuş ən nadir şəxsiyyətlərdən biridir. Məhz Onun sayəsində 15 iyun 1993- il Qurtuluş Günü, xilas günü, müstəqilliyimizin əbədiləşdiyi gün kimi tarixə yazıldı”.
Bu sözləri “Sherg.az”a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirdi ki, həmin gün dağılmaqda olan ölkəmizin hüquqi və faktiki müstəqilliyi təmin olundu. Ulu Öndərin Azərbaycan dövlətçiliyi uğrunda xidmətlərindən biri də varislik institunu yaratması oldu:
“Bu günkü sabitlik, tərəqqi, liderlik trayektoriyasının nəhəng masştabı da məhz bu institutun özəyində inkişaf etdirilməkdədir. Bu gün müstəqil Azərbaycan dövləti istər regionda, istərsə də beynəlxalq aləmdə təşəbbüskar, ideyaverici və siyasi-iqtisadi mərkəz rolunda birmənalı söz sahibinə çevrilibsə, bu təməlin gerçəkləşdirilməsində, atılan addımların hər birində Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi dayanmaqdadır. Siyasətdə belə bir deyim var – siyasətçi seçki üçün, dövlət xadimi isə xalq üçün çalışır, fəaliyyət göstərir, əmək sərf edir. Ulu Öndər də dövründə yalnız siyasətçi kimi deyil, həm də dövlət xadimi olaraq xalqının, dövlətinin gələcək müqəddəratı barədə düşünüb. Bu gün biz onun zəhmətinin bəhrəsini görməkdəyik. Bu gün Prezident cənab İlham Əliyev ölkə rəhbəri olaraq öz nitqində, tezislərində bilavasitə Heydər Əliyev siyasi xəttini, kursunu davam etdirdiyini vurğulayırsa, demək ki, bu gün varislikdə həm siyasi, həm də dövlətçilik prinsipləri əsas götürülür.
Baxın, Ulu Öndər özünün xalqına olan sonuncu tarixi müraciətində xüsusilə vurğulamışdı ki, onun varisi - İlham Əliyev 1993-cü ildən başladılan işlərin uğurla davam etdirilməsi və sona çatdırılması baxımından ən layiqli namizəddir. Əbəs deyil ki, Azərbaycan xalqı Ulu Öndərimizin bu tarixi müraciətini yüksək dəyərləndirdi, habelə etimad, etibar amilinə öz sədaqətini əxz etdirdi. Bəli, bu bir dahi siyasətçinin fəlsəfəsinin təntənəsi idi ki, bunun da kökündə onun böyük Azərbaycanlı olması gerçəkliyi dayanır və onun bizlərə - xalqımızın müxtəlif zümrələrinə miras qoyduğu Azərbaycançılıq, milli-mənəviyyatın qorunub-saxlanılması ideologiyası, dövlətçiliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rolunu oynadı”.
B.Quliyev həmçinin vurğuladı ki, ən çətin anlarda Ulu Öndər xalqının yanında olub və xalq-lider vəhdəti daima uğurları şərtləndirilib:
“Bu gün də Cənab İlham Əliyevin müstəqil Azərbaycanımızı dünya birliyi çərçivəsində ən mötəbər yerlərə ucaltmasında, ölkəmizin beynəlxalq arenadakı liderlik mövqeyinin möhkəmləndirilməsində, nəhəng layihələrin təşəbbüskarı və ideyavericisi kimi çıxış etməsində, ümumiyyətlə, hər bir uğurlarımızda xalqın Prezidentinə etimadı və Prezidentin xalqına güvənməsi faktoru dayanıb. Əlbəttə, bu yolu qazanmaq, əldə etmək və qorumaq çox çətin siyasi-tarixi proseslərlə müşahidə edilib. Məhz Azərbaycançılıq ideologiyasının Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılması, Prezident İlham Əliyev tərəfindən isə davam etdirilməsi faktı qeyd edilən bütün fikirləri kifayət qədər təsdiqləmiş olur. Ümumiyyətlə, bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, Azərbaycançılıq ruhunun, ideologiyasının bariz təcəssümüdür ki, bizlər həmin tarixi məqamların canlı şahidləriyik və bir vətəndaş olaraq bu gerçəklikləri gələcək nəsillərimizə çatdırmaq da bizim məsuliyyətimizdədir”.