Ekspert ödənişli ərazilərlə bağlı pərdəni araladı
Gələn ilin büdcəsində müxtəlif sahələr üzrə vergilərin artacağı gözlənilir. Onlardan xüsusilə yol vergisi üzrə artım diqqət çəkir. Hesablama Palatasının 2026-cı il büdcə layihəsi ilə bağlı rəyində bildirilir ki, növbəti ildə yol vergisi üzrə proqnoz 334.4 milyon manat nəzərdə tutulur. Bu göstərici 2025-ci ilin proqnozu ilə müqayisədə 228.6 milyon manat və ya 3.2 dəfə çoxdur. "Yol vergisinin artırılması növbəti ildən İcbari Tibbi Sığorta Fondunun gəlir mənbələri ilə bağlı dəyişikliklərdən irəli gəlir. Belə ki, avtomobil benzini, dizel yanacağı və maye qazın idxalı və daxili istehlakından toplanaraq Fonda yönəldilən vəsaitlər dövlət büdcəsinə yönəldiləcək. Eyni zamanda, bu vergi növü üzrə vergi dərəcələrinin artırılması da proqnoz məbləğinin artırılmasına təsir edən amillərdəndir", - rəydə vurğulanır.
Yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələrinə ölkə ərazisinə daxil olduqda, yaxud çıxdıqda tətbiq edilir. Həmçinin, ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının, maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisi ödəyiciləridir.
Layihədə 2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43.8 faizini və ya 16 milyard 821 milyon manat təşkil edəcək. Bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8.5 faiz çoxdur. 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon manat müəyyən edilib. Gələn il dövlət büdcəsinin gəlir və xərclərində bir neçə yüz milyon manatlıq artım proqnozlaşdırılır.
Qeyd edək ki, yol vergisi avtomobil sürücüləri arasında anlaşıımazlıq yaradıb. Şəxsi avtomobili olanlar, taksi xidmətində çalışanlar, həmçinin ictimai nəqliyyat sektoruna daxil olan nəqliyyat vasitələrinin sürücüləri yol vergisinin necə, hansı şəkildə tutulacağını bilmir, müəmmalı vəziyyət isə na, hərahatlığa səbəb olur.
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Şərq”ə açıqlamasında yol vergisi ödənişi ilə bağlı izah verib:
- Belə bir məlumat var ki, 2027-ci ildən şəhərin müəyyən ərazilərində ödənişli zonalar olacaq. Amma hələ dəqiq deyil, hansı ərazilərdə və necə tətbiq olunacaq. Mövcud vergi tutulmalarınınsa 2026-c ildən təyinat yeri dəyişib. Vergi tutulmaları əvvəllər əgər birbaşa büdcəyə yönəlirdisə, bundan sonra büdcə fonduna yönləndiriləcək. Toplanan vəsait hesabına ictimai nəqliyyat daşıyıcılarının maliyyə dayanıqlığının təmin olunması maliyyələşəcək. Həmçinin daşıyıcılara hər kilometrə görə subsidiya ödəniləcək.