“Bir neçə gün qar yağır, Bakı iflic olur” - Paytaxt heç vaxt qışa hazır olmayıb

Qar başlamadan yox, bitəndən sonra tədbir görülür, belə qış xaosu heç yerdə yoxdur

Bakıya nə yağış yaraşır, nə qar. Heç isti də bizlik deyil. Yağışın, qarın, həmçinin qızmar istilərin yaşatdığı çətinliklər məlumdur. Külək də o cümlədən. Sözün qısası, dörd ünsür nəinki paytaxt, ümumən ölkə əhalisinə olmazın əziyyətlər yaşadır. Yanvarın 20-si Cəlilabad rayonunun bir çox kəndlərində 52 saat elektrik enerjisi olmayıb. Su da olmayıb. Cəmi bir neçə saat yağan qar paytaxtın avtomobil yollarında hərəkəti iflic edib. Səki ilə hərəkət edən piyadalar da Travmatologiyaya düşməmək üçün inandıqları kim və nə varsa hamısına yalvarırdılar. Bakının sabiq icra başçısı Hacıbala Abutalıbovu da, bəlkə hazırkı meri də yamanlayıblarmı, daha özləri bilir. Səkilərə sürüşkən üzlüklü metlaxların düzülməsi ənənəsinin əsasını Hacibala müəllim qoydu. Necə möhkəm qoydusa, hələ də şəhərdə səkilərə, parklara buz meydançası effekti verən daşlar döşənir. Yağışda, qarda bu daşların sürüşkən olacağı və insanların yıxılıb qolunu, qıçını, belini, başını qıracağı isə “bəzəkçilərin” vecinə də deyil. 

Sosial məsələlər üzrə mütəxəssis İlqar Hüseynli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hər dəfə payız mövsümündə şəhər təsərrüfatına cavabdeh qurumlar qışa hazırlıq işləri aparıldığını bildirsələr də hava kəskin dəyişdikdə heç bir hazırlığın olmadığı üzə çıxır: 

- Aiduyyəti qurumlar çox yaxşı bilir ki, yanvar, fevral aylarında ölkədə havaların sərt keçəcəyi günlər ola bilər. Azərbaycan şimal ölkəsi deyil, Arktikada yerləşmir. Bakıda qış aylarında sadəcə bir neçə gün qar, sulu qar, şaxtalı havalar olur. Regionlarda bəli, qış daha sərt keçir. Bu bir neçə gündə elə ciddi probemlər üzə çıxır ki, qışa hazırlıq işlərinin aparılmadığı məlum olur. Meteorologiya əgər məlumat verirsə ki qar gözlənilir, qartəmizləyən texnika yollarda hazır dayanmalıdır. Qabaqlayıcı tədbirlər əvvəlcədən görülməlidir, qar yağandan sonra yox. Qum-duz ehtiyatı öncədən təmin olunmalıdır. Səkilərdə “sürüşkəndir” xəbərdarlıq nişanları qoyulmalıdır. Səkilərlə hərəət etmək əzab-əziyyətə çevrilib. Piyadalar yıxlır, xəsarət alırlar. Qışa hazırlıq hərtərəfli aparılmalıdır. 52 saat elektrik enerjisinin kəsilməsi nə deməkdir? Bu, səhlənkarlıq və məsuliyyətsizliyin göstəricisidir. 

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qarlı havanın paytaxtın qışa hazır olmadığını təsdiq etdiyini edi: 

- Hər il qış fəslində eyni problemlər yaşanır. Bakıya qar yağanda, yağıntılı günlərdə biz paytaxtın qış fəslinə hazır olmadığına şahidlik edirik. İstər piyadalar üçün, istərsə də sürücülər üçün yollarımız təhlükəli olur. Qartəmizləyən texnika varsa, çətin keçilən ərazilərdə əvvəlcədən yerləşdirilməlidir. Yəni, yol ayrıclarında, dairəvi yollarda,yoxuşlarda, hərəkətin ntensiv olduğu yerlərdə. Avtomobillərlı bağlı problem yolların sürüşkən olması, sürüşkənliyi azaldacaq və qarın asfaltda qalıb bərkiməsinin qarşısını alacaq duz və qumun səpilməməsidir. Bu işlər çox ləng həyata keçirilir. Hər zaman da bildiririk ki, duz da, qum da qar yağmağa başlayanda səpilməlidir ki, qar asfalt örtüyünün üzərində qalıb bərkiməsin. Yolu qar örtəndən sonra duz, qum səpməyin faydası yoxdur. Digər problem avtomobil sahiblərinin maşını qışa hzırlamamsıdır. Qış təkərləri olmalı, təkərlərə zəncir taxılmalıdır. Bu, avtomobili sürüşkən yolda qoruyur. Piyadaların işi lap çətindir. Səkilərə döşənmiş sürüşkən materiallara görə piyadalar yıxılır, ciddi xəsarət alırlar. Hər il bununla bağlı açıqlanan statistika vəziyyətin necə olduğunu zatən göstərir. Müvafiq qurumlar, qar yağacağını əvvəlcədən bilirlər, hava proqnozu verilir. Amma nəzərə almırlar, qabaqlayıcı tədbirlər icra olunmur. Təəəsüf ki biz yollarda DYP və yol-patrul xidməti əməkdaşlarından savayı heç bir qurumun nümayəndələrini görmürük.