- 10 il əvvəl Bulvarda başlayan bu qəribə tendensiya artıq respublikanın digər bölgələrinə də yayılıb
- Turistləri də aldadırlar, yerli sakinləri də, musiqiçilərin pulunu da onlardan alırlar
Dənizkənarı Milli Parkda - hamımızın Bulvar kimi tanıdığımız məkanda attraksionların, oyun zallarının, köşklərdə satılan qənnadı məmulatlarının, müxtəlif şirniyyatların, qəlyanaltıların və küçə yeməklərinin qiymətlərinin digər məkanlarla müqayisədə baha olması daim narazılıq yaradır. Kafe və restoranlardakı qiymətlər də müştəriləri narahat edən əsas məsələlərdəndir. Xüsusilə çayın qiyməti istehlakçıların narazılığına səbəb olur.
Belə ki, bəzi kafelərdə sadəcə çay sifariş etmək mümkün deyil. Müştəri mütləq mürəbbə, şirniyyat və ya ləbləbi dəstgahı da sifariş etməlidir. Müştəri dəfələrlə dəstgah istəmədiyini, sadəcə çay içmək istədiyini bildirsə də, xidmət sektoru öz qaydalarını diktə edir. Dəstgahın qiyməti isə 25 manatdır. Bu məbləği ödəmək imkanınız yoxdursa, deməli, çay içmək də mümkün deyil. Belə çıxır ki, Dənizkənarı Milli Park adlanan məkanda bir stəkan çay içmək belə lüksə çevrilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, təxminən 10 il əvvəl Bulvarda başlayan bu qəribə tendensiya artıq respublikanın digər bölgələrinə də yayılıb. Onun sözlərinə görə, bu vəziyyət dövlətin turizm siyasətinə ciddi maneə yaradır:
“Bu problem Bulvardan başladı. İnsan qonağı ilə Bulvara gedir ki, istirahət etsin, çay içsin. Lakin elə qiymət təqdim edirlər ki, insan pərt olur, çıxılmaz vəziyyətdə qalır.
Hökumət qiymətlərə təsir edə bilmir. Biznes qurumlarının fəaliyyətinə müdaxilə etməmək istiqamətində sərt siyasət yürüdülür. Ən yaxşı halda şikayət daxil olduqda aidiyyəti qurum yoxlama apara bilir. Qiymətlər sərbəstdir. Sahibkarlar da onlara yaradılmış bu geniş imkanlardan istədikləri kimi bəhrələnir, sui-istifadə edir, insanları aldadırlar.
Bu günlərdə xarici ölkədən gələn bir qonağın “Atəşgah” restoranında hüquqlarının pozulması ilə bağlı məlumat yayıldı. Restoran və kafelər bəzən turistlərdən ikiqat qiymət alırlar. Belə hallar ölkəmizə gələn əcnəbilərdə narazılıq yaradır. Xarici ölkələrdə, məsələn, yalnız muzeylərdə yerli və xarici ziyarətçilər üçün fərqli qiymətlər tətbiq olunur. Restoranlarda isə qiymət fərqi olmur.
Dövlət qurumları arasında əlaqələndirilmiş fəaliyyət yoxdur. İqtisadiyyat Nazirliyi Dövlət Turizm Agentliyi ilə əlaqəli işləməlidir ki, bu cür problemlər yaranmasın. Belə koordinasiya olmadığından biznes qurumları ölkədə istehlakçı siyasətinin zəifliyindən istifadə edir və bu cür qəribə hallar baş verir.
Qiymətlərə təsir edən amillər çoxdur. İcarə haqqı, əlavə xərclər və digər məsrəflər üst-üstə gəlir, nəticədə qiymətlər bahalaşır”.
E.Hüseynov qeyd edib ki, Park Bulvarın üzbəüzündə yerləşən çayxanada bir çaydan çay normal qiymətə təklif olunur:
“Əgər Bulvarda çay bu dərəcədə baha satılırsa, bəs necə olur ki, həmin çayxana daha münasib qiymət tətbiq edə bilir? İstehlakçılardan bizə şikayətlər daxil olur ki, bəzi restoranlar hətta musiqiçilərin də pulunu müştərinin hesabına əlavə edirlər. Belə hallar hökumətin istehlakçı siyasətinin zəifliyindən qaynaqlanır”.