Casus şəbəkələri: Türkiyə İranla bağlı strategiyasını nəzərdən keçirməli olacaq - RƏY

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İranın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olan şəbəkəyə qarşı xüsusi əməliyyat həyata keçirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd edilib ki, təhlükəsizlik tədbirləri nəticəsində xarici kəşfiyyata məlumat ötürdüyü müəyyən edilən 6 nəfər saxlanılıb.

MİT-in keçirdiyi əməliyyatı şərh edən siyasi şərhçi Tural İrfan “Sherg.az”a bildirib ki, İrandakı rejim yarandığı gündən inqilabı ixrac etmək üçün qonşu və digər müsəlman ölkələrində işlər aparır, şəbəkələr qurumağa çalışır:

“Həmçinin bu, Türkiyə üçün də xarakterikdir. Casus şəbəkələri qurmaqla əsasən Türkiyədə təxribat xarakterli əməllərin törədilməsini və xaos nəticəsində öz məqsədlərini həyata keçirməyi nəzərdə tutub. İranın region ölkələrinə qarşı sistemli kəşfiyyat strategiyası aparması münasibətləri gərginləşdirən amillərdəndir. Hazırki durumda isə İranla bağlı bu fakt ABŞ və İsrailin təhdidləri qarşısında duruş gətirə bilməsinə əngəl yarada bilər. Türkiyə hər halda İranla bağlı strategiyasını nəzərdən keçirməli olacaq”.