Davosdan dünyaya mesaj: Sabitlik ən böyük sərvətdir - ANALİTİK

Prezident İlham Əliyev yeni qlobal nizamın şərtlərini açıqladı

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibədə Azərbaycanın regional və qlobal miqyasda güclü və etibarlı dövlət olduğunu bir daha nümayiş etdirib. Prezident müsahibəsində milli maraqların beynəlxalq hüquq çərçivəsində qətiyyətlə müdafiə olunduğunu vurğulayıb, Cənubi Qafqazda sülhün təmin olunması, Azərbaycan-Ermənistan münasibətlərində qarşıdurmadan əməkdaşlığa doğru dönüş, nəqliyyat və enerji layihələrinin icrası ilə regionda etimad mühitinin formalaşması kimi önəmli məsələlərə toxunub. Prezident İlham Əliyev həmçinin Azərbaycanın enerji təhlükəsizliyində və Avropanın qaz tədarükündə oynadığı strateji rolu, ölkəmizin beynəlxalq əməkdaşlıq və sülh təşəbbüslərində aktiv mövqeyi barədə də ətraflı məlumat verib. Bu müsahibə Azərbaycan dövlətinin milli maraqları, beynəlxalq hüquq prinsipləri və ədalətli sülh siyasətinə sadiqliyini bir daha təsdiqləyir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti strateji məqsəd reallaşdırıb:

“Cənab Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibəsi bir neçə istiqamətdən dəyərləndirilməlidir. Birincisi, o baxımdan ki, dövlət başçımız bir daha dünya siyasətinə nəzər yetirərək bildirdi ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin heç də bütün üzvləri üçün artıq mütləq görünmür. Yəni, bu normalar selektiv qaydarla tətbiq olunur. Bu baxımdan Azərbaycan önündə strateji bir məqsəd reallaşdırıb ki, milli maraqlar əsasında nəticələrə fokuslansın. Təbii ki, biz bu milli maraqları həyata keçirərkən beynəlxalq hüquqa tam riayət etmişik. Çünki dünyanın siyasi gedişatını aydın dərk edən, dərin təhlil qabiliyyətinə malik olan Liderimiz bilirdi ki, Azərbaycana nə ilə, hansı üsul və vasitələrlə təzyiq edə bilərlər. Şübhəsiz ki, yeni nizam formalaşdırılır. Lakin təəssüflər olsun ki, bu nizamı qanunun aliliyi deyil, güc idarə edir. Belə olan məqamda Azərbaycan Prezidenti sülh və tərəfdaşlıq yolunu seçir, bunu təqdim və təşviq edir. Azərbaycan Liderinin BƏƏ-nin Zayed Fondunun İnsan qardaşlığı mükafatına layiq görülməsi də məhz bununla əlaqədardır. Həmin bu mükafat dövlət başçımızın çox çətin region olan Qafqazda sülhün qurulmasına verdiyi töhfələrinə görədir. Artıq Azərbaycan Ermənistana neft məhsullarını ixrac edir. Bu prosesdə uduzan tərəf yoxdur. Hər kəs uduşludur. Dövlət başçımız bildirdi ki, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycan da məhz bu reallıqdan çıxış edir”.

Ş. Həsənova qeyd edib ki, müsahibə əsnasında cənab Prezident İlham Əliyevin regionda sabitliyi, proqnozlaşdırılma və sülhü ən böyük sərvət adlandırması siyasətə həssas, korrekt yanaşmanın ifadəsidir: “Dövlət başçımız bildirdi ki, daxildən heç bir risk yoxdur. Bu, Azərbaycanda sabitlikdən, stabillikdən, xalq və dövlət birliyindən xəbər verir. Ola biləcək bütün risklər kənardandır və bu riskləri də Azərbaycan Prezidenti düzgün hesablayır. Artıq Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir ki, bunlardan 10-u Avropa İttifaqının üzvüdür. Bu baxımdan Avropa təsisatları Azərbaycanla münasibətlərində qərəzsiz mövqə tutmalıdırlar. Odur ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı tətbiq etdiyi qərəzli yanaşmaya görə əməkdaşlığı dayandırmışıq. Məhz bu açıqlamalardan sonra Davosda dövlət başçımız bir daha bildirdi ki, Avropa nə ənənəvi, nə də bərpaolunan enerjiyə sərmayə qoymur. Düşünürəm ki, bu müsahibə və bütövlükdə Davosdan səsləndirilən fikirlər, verilən mesajlar Azərbaycanın xarici siyasətinin mövcud konturlarını dərk etmək və anlamaq baxımından önəmlidir”.