Dəm qazı faciələrinin qarşısını televiziyalar ala bilər - Ekspertdən xəbərdarlıq

Elmar Nurəliyev: “Ətraflı, izahedici, diqqət çəkən sosial çarxlar hazırlanmalı və bu cür sosial reklamlar efirin ən çox izlənən saatlarında nümayiş olunmalıdır”

Bakıda yeniyetmə bacı-qardaş dəm qazından boğulub. Məlumata görə, hadisə dekabrın 20-si Xətai rayonu Neapol küçəsindəki mənzillərin birində baş verib. 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Aminin meyiti saat 20:00 radələrində yaşadıqları evdə aşkar edilib. İlkin məlumata görə, onlar dəm qazından boğulub. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. 

Dəm qazı kabusunun bitməsi üçün hansı tədbirlər görülməlidir? Görünən budur ki, vətəndaşlar dəm qazının nə dərəcədə təhlükəli olduğunun hələ də fərqinə varmır. İllərdir deyilir, əlaqədar qurumlar təbii qazla, odla ehtiyatlı olmağı tövsiyə edir, o cümlədən dəm qazı təhlükəsinin faciələrə səbəb olduğunu bəyan edir, lakin bu bəla bitmir, vaxtaşırı dəm qazından ölüm halları barədə məlumatlar yayılır. Mütəxəssislər mənzillərdə qaz sobalarının, plitələrin, su qızdırıcılarının düzgün quraşdırılma qaydalarını izah edir, hamam otaqlarının ölçülərinin necə olmasına qədər qeyd edirlər. Amma yenə də eyni faciələr bir-birini əvəzləyir. Efirlərdə dm qazı ilə bağlı sosial çarxların nümayiş olunması da köməyə gəlmir. Bu, həm də ona gorədir ki, bu cür sosial reklıam çarxları tamaşaçıların ekran qarşısında olduğu pik saatlarda nümayiş olunmur. Tv-kanallar baxış sayının çox ola biləcəyi proqramlar arasında ödənişli reklam çarxlarını daha çox yayımlayır. Əlbəttə, burada qazanc güdülür. Tv-lər üçün bu hər nə qədər qəbulolunandırsa, insan həyatının xilası baxımından yanşıldıqda məqbul sayıla bilməz. Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Elmar Nurəliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, dəm qazı təhlükəsi ilə bağlı ətraflı, izahedici, diqqət çəkən sosial çarxlar hazırlanmalı və bu cür sosial reklamlar efirin ən çox izlənən saatlarında nümayiş olunmalıdır: 

- Dəm qazı ilə bağlı məlumatlandırmada təhlükənin səbəblərini - hava çatışmazlığı, qapalı mühit, əlamətlərini - baş ağrısı, ürəkbulanma, qorunma üsullarını - hava axını, tüstü bacalarının təmizliyi, nəfəsliklərin açıq saxlanması və ilk yardım tədbirləri – təmiz havaya çıxarmaq, təcili tibbi yardım çağrılması vacibliyini əhatə etməli, hər kəsə sadə və başa düşülən dildə çatdırılmalıdır. Məlumatlandırmanın əsas istiqamətləri təhlükənin başa salınması üzərində qurulmalıdır. Dəm qazının (CO) təbii qazın natamam yanması nəticəsində yarandığını, rəngsiz, qoxusuz olduğunu, oksigeni əvəz etdiyini vurğulanmalıdır. Qapı-pəncərələrin qapalı saxlanmasının və hava axınının olmamasının dəm qazı riskini artırdığını göstərmək lazımdır. Qorunma tədbirləri ən vacib hissədir. Vanna otaqları, mətbəxlər və qaz cihazlarının olduğu otaqlarda daima hava axınının, nəfəsliklərin olması təmin edilməlidir. Nəfəsliyi açıq saxlamaq lazımdır ki, təmiz hava otağa daxil olsun. Evlərin tüstü bacaları mütəmadi yoxlanılmalıdır, bilmək lazımdır bacalar tüstünü çəkib aparırmı, işlək vəziyyətdədirmi? Mənzildə, hamam otağında qızdırıcı varsa və işlək vəziyyətdədirsə, pəncərələri tam bağlamaq olmaz, bir az aralı saxlanmalıdır. Qapalı mühitdə, nəfəslik, hava dəyişən olmayan yerdə, məsələn, avtomobil salonunda, çadırda qazla işləyən cihazlardan istifadə etmək olmaz. Dəm qazı detektorlarının quraşdırılması tövsiyə edilməlidir. Zəhərlənmə əlamətləri başa salınmalıdır. Əgər görsəniz ki qaz cihazı yanan məkanda kimdəsə baş ağrısı, başgicəllənmə, ürəkbulanma, quru öskürək yaranıb, dəm qazından zəhərlənmə ehtimalı var. Bu, huşun itirilməsinə, qıcolmalara, iflicə səbəb ola bilər. Həmin şəxsi dərhal təmiz havaya çıxarmaq, oksigen almasına yardım etmək lazımdır. Əsas da təcili tibbi yardım xidmətinə zəng edilməlidir. 

E.Nurəliyev bildirdi ki, sosial mediada bununla bağlı fəaliyyət təşkil edilməlidir. Video çarxlar, infografiklər hazırlanmalı, televiziya və radio verilişlərində bu haqda danışılmalı, video-çarxlar nümayiş edilmıəlidir. Dövlət orqanları tərəfindən çap məhsulları hazırlanmalıdır. Məktəblərdə, iş yerlərində təlimatlar keçilməlidir. Elə etmək lazımdır ki, bu məlumatlar vətəndaşların diqqətini çəksin və həyatlarının, təhlükəsizliklərinin bundan asılı olduğuna inansınlar. Dəm qazı faciələrinin qarşısı yalnız məlumatlılığı artırmaqla alına bilər.