Dövlət sektorunda böyük ixtisarlar başlayacaq - Natiq Cəfərli

"Optuimallaşmaya gedəcəklər. Çünki əvvəllər də ştatlar çox şişirdilmişdi"

“Ölkədə ixtisarlar getdikcə daha da artacaq. Çünki gəlirlər azalır, əlavə gəlirlər üçünsə hökumət ciddi bir iş görmür”.

Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirdi. O, qeyd etdi ki, yaxın 2-3 ildə dövlət sektorunda ixtisarlar artacaq:

- Təəssüf ki, yaxın illərdə dövlət büdcəsindən maliyyələşən qurumlarda ixtisarların daha da artdığını görəcəyik. Optuimallaşmaya gedəcəklər. Çünki əvvəllər də ştatlar çox şişirdilmişdi. Həm optimallaşdırma, həm xərclərin azaldılmasiyla əlaqəli, həm də gəlirlərin azalmasıyla əlaqədar olaraq dövlət strukturlarında, idarə, müəssisəvə şirkətlərdə ixtisarlar gözlənilir. Yaxın 2-3 ildə 25-30 faizlik ixtisarlar olacaq. Çünki, açıq demək lazımdır, vaxtında hökumt tədbir görməyib. Əgər biznes üçün, özəl sektorun inkişafı üçün daha yaxşı fürsətlər yaransaydı, iş yerləri daha sürətlə yaranardı, insanlar işlə təmin olunardı. Hazırda dövlət və özəl sektordakı iş yerləri arasında proporsiya dəyişməyib. Dövlət sektoru ilə özəl sektor təxminən bərabərdir. 900 minə yaxın iş yeri dövlət sektorundadır, büdcədən maliyyələşir, təxminən elə 900 min də özəl sektordadır. Problem bundadır.