Dövlət uşaqların himayəsini ailələrə qaytarmağa çalışır - EKSPERT

Mehriban Zeynalova: Uşaqlar ailədə böyüməlidir, dövlət müəssisəsi son çarədir

Bu ilin yanvar ayı ərzində 11 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, onlardan 4-ü qız, 7-si oğlandır. "Yaş bölgüsünə gəldikdə isə, övladlığa verilən uşaqlardan 8-i 0-6 yaş aralığında, 2-si 7-11 yaş aralığında, 1-i isə 12-18 yaş aralığındadır. Qeyd edilən dövrdə valideyn himayəsindən məhrum olmuş 6 uşaq ailə himayəsinə qaytarılıb. Onlardan 5-i oğlan, 1-i isə qızdır", - məlumatda bildirilib. Əlavə edilib ki, eyni zamanda, Agentlik tərəfindən həyata keçirilən profilaktik tədbirlər və ailələrlə fərdi sosial iş nəticəsində 16 uşağın ailəsindən ayrılaraq müəssisələrə düşməsinin qarşısı alınıb. Görülən tədbirlər uşaqların müəssisələşməsinin qarşısının alınmasına və hər bir uşağın ailə mühitində böyüməsinə xidmət edir.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, uşaqların övladlığıa verilməsi nə qədər müsbət hadisədirsə, uşaqların dövlət müəssisələrinə düşməsinin qarşısının alınması bir o qədər vacibdir: 

- Azərbaycan dövlətinin əsas məqsədlərindən biri məhz budur ki, uşaqlar ailələrdə böyüsün, ailədə yetişsin. Çünki uşaq məhz ailə ortamında, valideyn himayəsi altında tam şəxsiyyət olaraq formalaşa bilir. Bu məqsədlə də dövlət müəssisələrinə yerləşdirilmiş uşaqların ailələrə verilməsi, himayədar ailələrin müəyyənləşməsi, eyni zamanda uşaqların dövlət müəssisələrinə yerləşdirilməsinin qarşısının alınması vacibdir. Burada söhbət ondan getmir ki, valideynini itirmiş, valideyn himayəsindən məhrum və ya öz vəzifəsini yerinə yetirməyən valideynlərin övladları dövlət müəssisəsinə yerləşdirilməsin deyə, nəzarətsiz qalsınlar, heç bir himayəsi olmayan uşaqlar taleyin ümidinə buraxılsın. Belə deyil. Məsələn, “Təmiz Dünya” İB-nə müraciət edən qadınların hazırkı vəziyyətini biz öyrənirik, məlumat toplayırıq, müəyyən edirik həqiqətən vəziyyət necədir, bu qadın övladına nəzarət etmək, onu təmin etmək iqtidarındadır, ya yox. Bu müddət ərzində isə həmin uşaq və ya anası da Birliyin sığınacağında qalır. Bəzən belə olur ki, ailənin vəziyyəti öyrənilir, uyğunsuz durum olduqda uşağın dövlət müəssisəsinə yerləşdirilməsinə qərar verilir, bəzən də ailənin böyükləri ilə, həyat yoldaşları ilə aparılan söhbətlərdən sonra ailədə yenidən birgə yaşayış təmin edilmiş olur. Övladlar da valideynlərinin himayəsi altında yaşayırlar. Situasiyalar müxtəlif ola bilər. Hər situasiyaya görə uyğun qərar verilməlidir. Əsas məqsəd ailənin parçalanmaması, uşaqların ailə daxilində böyüməsinin təmin edilməsidir. Uşaqların dövlət müəssisələrinə verilməsinin qarşısını almaq baxımından sosial dəstək layihələri vacibdir. Çünki çox zaman valideyn maddi problemləri, iqtisadi vəziyyətini səbəb göstərərək övladını dövlət müəssisəsinə verir. Bir çoxu belə də deyir ki uşağa baxmağa maddi imkanları çatmır. Hesab edirəm ki, dövlət müsəsisəsinə təhvil verilən uşaqların ailə durumu ciddi araşdırılmalıdır. Əgər həqqətən maddi sıxıntı varsa, onlara dəstək göstərilməlidir. Ciddi ehtiyac, ciddi səbəb olmadığı halda uşaqların dövət müəssisəsinə verilməsinin qarşısı alınsa, zəruri hallarda dövlət müəssisəsinə təhvil verilən uşaqlar üçün daha yaxşı imkanlar yaranar, həm ehtiyacların qarşılanması baxımından, həm də himayədar ailələrə verilmələri baxımından.