Dr. Hüsamettin İnaç: “Netanyahu zəifləyir, Tramp Ayzenkotla işləməyə hazırdır”

İsraildə keçirilən seçkilərdən sonra yeni hökumətin formalaşdırılması prosesi və siyasi qüvvələr arasındakı mübarizə beynəlxalq diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Trampın mümkün yeni hökumətin rəhbəri Qadi Ayzenkotla əməkdaşlığa hazır olması Vaşinqtonun İsraildəki siyasi dəyişikliklərə münasibətini də gündəmə gətirib. ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin açıqlamaları isə bu məsələdə Tramp administrasiyasının mövqeyinə aydınlıq gətirib.

Beynəlxalq siyasət üzrə ekspert Dr. Hüsamettin İnaç İsraildə keçirilən seçkilərdən sonra siyasi vəziyyətini, yeni hökumətin formalaşdırılması prosesini və ABŞ-nin bu prosesə münasibəti ilə bağlı fikirlərini Sherg.az-la bölüşüb:

"Tramp seçki prosesi zamanı və ondan əvvəl Netanyahuya tam dəstək verdiyini bildirdi. O, İranla müharibəni başa çatdıra bilməsi üçün Netanyahu kimi qəhrəman bir şəxsin yenidən hakimiyyətə gətirilməsinin vacibliyini vurğuladı. Lakin gəldiyimiz mərhələdə gördük ki, İsrail xalqı Netanyahunun arxasında tam olaraq dayanmadı. Likud Partiyası, yəni Netanyahunun partiyası, seçkilərdə birinci olsa da, onun formalaşdırdığı blok cəmi 53 deputat mandatı qazana bilir. Digər tərəfdən, müxalif qrup ərəb seçicilərin də dəstəyini əldə edərsə, Ayzenkot 67 deputatın dəstəyi ilə hökuməti qurmaq səlahiyyətini əldə edəcək. Buna görə də qarşıdakı 28 günlük müddətdə Ayzenkotun izləyəcəyi yol və nümayiş etdirəcəyi siyasi performans mühüm əhəmiyyət daşıyır. Bu məqamda həm Trampın, həm də Ayzenkotun birgə işləməyə hazır olduqları qənaətini ifadə etdiklərini görürük". 

Analitik vurğulayıb ki, Trampın həm Nümayəndələr Palatasında, həm də Senatda məğlubiyyətə uğraması İranla yeni müharibə ehtimalını xeyli azaldıb:

"O, həmçinin Yaxın Şərqin yenidən dizaynı məsələsində Netanyahunun yürütdüyü sionist siyasətlə bundan sonra razılaşa bilməyəcəyini anlamış oldu. Beləliklə, Yaxın Şərqin yenidən dizaynı prosesində yeni mərhələnin başlanacağını düşünürük. Xüsusilə Qəzzada törədilən soyqırımı, İran-ABŞ-İsrail müharibəsi və digər qarşıdurmalar fonunda həm ABŞ-nin, həm də İsrailin bundan sonra daha ehtiyatlı davranacağını görürük. Hər iki tərəf diplomatiyaya, sülh imkanlarına və perspektivlərinə daha çox sərmayə yatıra bilər. Çünki hər iki ölkədə müharibəni müdafiə edənlər və sionizmi dəstəkləyənlər əhəmiyyətli dərəcədə güc itiriblər. Son dövrdə ABŞ-də müharibə naziri Pit Hegsethin də vəzifədən kənarlaşdırılması prosesinin başladığını bilirik. Demokratlar İran müharibəsinin dayandırılması və İsrailə qeyri-məhdud dəstək göstərilməsi məsələlərindəki mənfi mövqelərini Netanyahunun diqqətinə açıq şəkildə çatdırıblar. Belə bir şəraitdə Trampın düşünülməmiş addım ataraq yenidən İrana hücum etməsi və ya Netanyahunun siyasi xəttinə qayıtması gözlənilən deyil".

Politoloq qeyd edib ki, Netanyahunun son dövrdə İran müharibəsini yenidən alovlandıraraq öz rəhbərliyi altında Milli Birlik Hökumətinin yaradılmasına nail olmaq cəhdi qəbulolunan görünmür:

"Bu baxımdan Trampın hakiminin də qeyd etdiyi kimi, bundan sonra Ayzenkotla işləmək zərurəti açıq şəkildə ortadadır. Ayzenkotun hökumət qurmaq imkanları da kifayət qədər yüksək qiymətləndirilir. Xüsusilə onun ərəb partiyalarından alacağı dəstək mühüm rol oynaya bilər. Bununla yanaşı, Netanyahu blokunda yer alan Liberman kimi bəzi siyasətçilərin dəstəyini qazanması Ayzenkotun hökumət quracağına dair əminliyi daha da artırır".